Ramazan bayramında qurban kəsmək olarmı? – Hacı Şahin

0
592

Ramazan ayında qurban kəsməklə bağlı heç bir qadağa yoxdur. İnsanlar ilin istənilən vaxtında qurban kəsə bilərlər. Eləcə də Ramazan bayramı müddətində qurban kəsmək olar.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Ramazan ayı ərzində və Ramazan bayramı günlərində qurban kəsməyin mümkün olub-olmamasına münasibət bildirərkən deyib.

Hacı Şahin bildirib ki, hər kəs müqəddəs orucluq ayında nəzir deyib qurban kəsə bilər:

“Ramazan ayında qurban kəsmək bəyənilən əməllərdəndir. Bununla bağlı heç bir qadağa yoxdur. Bu ay ərzində də nəzir deyib qurban kəsə bilərsiniz, bundan əvvəl deyilmiş qurbanınızı da Ramazan ayında kəsə bilərsiniz. Bir çoxları əvvəldən deyilmiş qurbanını saxlayıb Ramazan ayında kəsir. Bunda da heç bir qəbahət yoxdur.

Nəzir ibadətdir. Qurban da bu ibadətlərdən biridir. Hər kəs bu ay ərzində qurban kəsib paylaya bilər. Ramazan ayı ərzində mütləq hər kəs qurban kəsməlidir deyə bir anlayış da yoxdur. O demək deyil ki, hər kəs qurban kəsməlidir. Ancaq kimin nəziri varsa, kimsə bu ayda qurban kəsmək niyyətindədirsə, icra edə bilər”.