Rafael Ağayev: “ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam”

0
162

“Bu il məqsədim “Karate Kombat” üzrə addımlamaqdır. Aprel və ya mayda ABŞ idmançısı Coşua Kvayhagen ilə döyüşdə kəməri qorumalıyam”.

Bunu Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev cari ildəki hədəfləri barədə danışarkən deyib.

5 qat dünya və 11 qat Avropa çempionu bildirib ki, Kvayhagenlə qarşılaşma hərəsi üç dəqiqə davam edən 5 raunddan ibarət olacaq:

“Həmin döyüşə hazırlaşacağam. Hər hansı zədə və ya başqa problem olmasa, aprel ya mayda döyüşə qatılacağam”.

Titullu idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarının finalında uduzduğu italiyalı Luici Busa ilə yenidən döyüşmək istədiyini söyləyib:

“Amma onunla “Karate Kombat”da üz-üzə gələrdim. Bunu həddindən artıq istəyirəm”.

Gələcək planlarından da söz açan Ağayev məşqçiliyin asan olmadığını vurğulayıb:

“Hər güclü idmançı yaxşı məşqçi ola bilmir. Hər məşqçi də güclü idmançı olmur. İdmançı kimi istədiyim nailiyyətləri əldə etmişəm. Bundan sonra əlimdən gələni edəcəyəm ki, məşqçi kimi uğurlar qazanım. Bunun üçün öz üzərimdə çalışacağam”.