Rəsulzadənin 100 il öncə Stalinə verdiyi tarixi cavab – DETALLAR

0
18

28 May – Müstəqillik Günü: bu, 107 il öncə azadlığın, müstəqilliyin qazanıldığı, səsimizin dünyaya ilk dəfə çatdırıldığı gündür. 28 may tək Azərbaycan üçün deyil, bütünlüklə müsəlman Şərqinin tarixində ilk respublikanın qurulduğu tarixdir.

Müstəqil Azərbaycan Respublikasının qurulması qarmaqarışıq, siyasi çətinliyi ilə seçilən dövrə təsadüf edir. Rusiyada baş vermiş 1917-ci il fevral çevrilişindən sonra Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziya idarəsi üzrə xüsusi Komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Cənubi Qafqazdan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşıb ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymi (ZS) yaradırlar. Seym və hökumətdə fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeyini ümumi mənafedən üstün tutduğu üçün ümumi bir platforma yox idi. Buna görə də yenidən parçalanma prosesi yetişməkdə idi. Nəhayət, 1918-ci il may ayının 25-də ZS-nin son iclası keçirilir. Gürcüstan Seymdən çıxaraq may ayının 26-da öz istiqlaliyyətini elan edir. ZS dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndəsi Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edir. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçilir.

1918-ci il mayın 28-də Milli Şura Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir. Bu bəyannamədə Azərbaycanın tamhüquqlu müstəqil dövlət olduğu, bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlərlə və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmində olduğu bildirilir. Həmçinin qeyd edilir ki, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq AXC öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlara siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir və ölkə daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. Həmin bəyannamədə müstəqil Azərbaycan dövlətinin idarə formasının Xalq Cümhuriyyəti olduğu müəyyənləşdirilir.

Tiflisdə yerləşən Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçür. Burada dövlət aparatı təşkil edilir, dövlət dili kimi Azərbaycan dili elan edilir. Paytaxt Bakıya köçürülənə qədər hökumət Gəncədə ölkənin ayrı-ayrı sahələrində bir sıra mühüm tədbirlər həyata keçirilir. 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən şəhəri ələ keçirmiş eser-menşevik və daşnak nümayəndələrindən ibarət “Sentrokaspi diktaturası”ndan təmizlənərək azad edilir. Sentyabrın 17-də isə Fətəli xan Xoyski hökuməti Gəncədən Bakıya köçür.

AXC hökumətinin sonrakı mərhələdə qarşısında duran əsas vəzifə parlamentin təsis edilməsi idi. Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, Bakıda fəaliyyət göstərən rus və erməni milli şuraları parlamentin açılmasına mane olmaq üçün bu ərəfədə şəhərə gəlmiş müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar. Tomsonla aparılan danışıqları və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq, Parlamentin ilk iclasının açılışı dekabrın 7-ə keçirilir.

1918-ci il dekabrın 7-i Hacı Zeynalabdin Tağıyevin İstiqlaliyyət küçəsində yerləşən keçmiş qızlar məktəbinin binasında müsəlman Şərqində ilk parlamentin birinci iclasının açılışı olur. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacıniski isə baş katib seçilir. 1919-cu ilin sonlarına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu 96 deputat təmsil edirdi. Bütün partiya fraksiyaları və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirdilər. Bu bəyanatların məqsədi gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq idi.

Fəaliyyəti dövründə parlamentin 145 iclası keçirilib. 270-dən çox qanun layihəsi müzakirə edilib, 230 qanun qəbul edilib. Parlamentin ilk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olub. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut edib. Dünyanın 50 il sonra əldə edə bildiyi dövlət quruluşunu ADR cəmi 23 ayda yaratdı.

1919-cu ilin sonu və 1920-ci ilin əvvəllərində Azərbaycanda vəziyyət gərgin idi. Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi, ictimai qüvvələrin, siyasi partiyaların qütbləşməsi, ölkənin inkişaf yollarına dair baxışların, mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının üst-üstə düşməsi Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyətini xeyli gərginləşdirdi.

Parlamentdə və hökumətdə də parçalanma baş verdi. Mövcud quruluşu devirmək yolunu seçən qruplar meydana gəldi. 1920-ci ilin yanvarında Antanta ölkələri tərəfəndən Azərbaycanın istiqlaliyyətinin tanınması da baş verəcək təhlükəni sovuşdurmadı. Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə müdaxiləsi genişləndi. Sovet Rusiyası millətlərin müqəddərat hüququna dair verdiyi çoxsaylı bəyannamələrə məhəl qoymayaraq, Azərbaycanın müstəqilliyini tanımır və onun Rusiyadan ayrılması kimi siyasi bir aktla razılaşmaq istəmirdi.

Bu zaman “Müstəqil Sovet Azərbaycanı” şüarı və müstəqil Kommunist partiyasının yaradılması məsələsi irəli sürüldü. Bütün kommunist qrupları – RK(b)P-nın nümayəndəliyini, “Hümmət” və “Ədalət” təşkilatlarını KP halında birləşdirmək lazım idi. 1919-cu ilin mayında keçirilən Ümumbakı partiya konfransında beynəlmiləl prinsip üzrə Azərbaycan KP nın yaradılmasına rəy verildi.

1920-ci il fevralın 11-də Bakıda fəhlə klubu binasında gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının 1 qurultayı oldu. Qurultayda bütün kommunist partiyalarının Azərbaycan Kommunist Partiyası adı altında birləşdirildiyi bəyan edildi və 43 nəfərdən ibarət MK seçildi. RK(b)P-nın bölməsi kimi yaranan Azərbaycan KP-nın I qurultayı partiya təşkilatlarını mövcud hökuməti, yəni AXC-ni yıxmağa və Sovet hökumətini qurmağa istiqamətləndirdi.

1920-ci ilin yanvar – fevral aylarından Rusiya Azərbaycanı işğal etmək planını hazırlayırdı. Azərbaycanı işğal etmək işini asanlaşdırmaq üçün ermənilərin Qarabağa hücumu təşkil edildi. Qızıl Ordu ilə razılığa gələn ermənilər Novruz bayramı günlərində qəflətən Xankəndi qarnizonuna hücum etdilər. Hərbi Nazirliyin gördüyü təcili tədbirlər nəticəsində erməni hərbi hissələri Xankəndidən kənarlaşdırıldılar. Lakin ermənilər rusların köməyi ilə Əsgəran qalasını ələ keçirdilər. Əsgəran qalasını geri almaq və Qarabağda erməni qiyamını yatırtmaq üçün Azərbaycan hökuməti general Həbib Səlimovun başçılıq etdiyi ordunun böyük bir hissəsini Qarabağa göndərməyə məcbur oldu. Əsgəran qalası tezliklə azad edildi və Qarabağ qiyamı yatırıldı.

Rusiya Qarabağ hadisələrini təşkil etməklə Azərbaycan hökumətinin diqqətini ora yönəltmək istəyirdi. Belə də oldu. Qarabağda baş verən hadisələr Azərbaycan parlamentində müzakirə edildi. Parlamentin bəzi üzvləri Qırmızı Ordunun köməyinin zəruri olduğunu qeyd etdilər. Rusiya Azərbaycan hökuməti daxilində özünə arxa yaratmaq istəyirdi. Buna da müəyyən dərəcədə nail olmuşdu. Azərbaycan hökuməti isə şimal sərhədlərdə olan qoşunları məcburu olaraq, Qarabağa yönəltməklə Azərbaycana giriş yolunu açmış oldu.

1920-ci il aprelin 25-dən 26-na keçən gecə rus qoşunları Azərbaycana şimaldan hücum etdilər. Xaçmazı, Yalamanı tutdular və Bakının girəcəyində dayanaraq Azərbaycan hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum göndərdilər. Ultimatumu müzakirə etmək üçün aprelin 27-də parlamentin iclası keçirildi. İclasda xeyli davam edən müzakirələrdən sonra qan tökülməməsi üçün müəyyən şərtlər daxilində təslim olmağa qərar verildi. Bununla da Azərbaycanın 23 aylıq istiqlalına son qoyuldu. Lakin AXC müstəqil Azərbaycan dövlətinin ilkin təməlini atdı.

AXC-nin süqutundan sonra İosif Stalin Məmməd Əmin Rəsulzadədən soruşur: “Bu, bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?”.

Rəsulzadənin tarixi cavabı: “Çox şey verə bilmədik… Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz.

Bir kərə yüksələn bayraq enmədi və 70 il sonra –1991-ci ildə yenidən yüksəldi. Azərbaycan müstəqilliyini bərpa etdi.

Bu gün Azərbaycan müstəqilliyinin əldə edilməsindən 107 il ötür. Bu gün dünya müstəqil və güclü Azərbaycan dövləti ilə hesablaşır.