Qurban Qurbanov və “Qarabağ” dünya rekordçuları arasında

0
413

CİES Futbol Observatoriyası dünyanın 84 liqasında çıxış edən klublar və onların baş məşqçiləri ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.

Hesabatda 2015-19-cu illərdə öz ölkəsinin yüksək liqasında çıxış edən klubların bu müddətdə neçə baş məşqçiyə güvəndiyi əksini tapıb.

Yalnız 30 komanda bu müddətdə çalışdırıcısını dəyişməyib. Rekordçular sırasında Ağdamın “Qarabağ” klubu da var. Son illərin dəyişməz Azərbaycan çempionu 2015-ci il yanvarın 1-dən 2019-cu il dekabrın 31-dək olan dövrdə yalnız Qurban Qurbanova etimad göstərib.

Eyni göstəriciyə malik digər 29 klub arasında “River Pleyt” (Argentina), “Aberdin” (Şotlandiya), avrokuboklardakı rəqiblərimizdən “Uypeşt” (Macarıstan), “Kopenhagen” (Danimarka), “Speranta” (Moldova) da var.

Digər Azərbaycan klublarına gəlincdə, hesabat dövründə Premyer Liqanın daimi iştirakçılarından “Qəbələ” və “Sumqayıt” hərəyə 4, “Keşlə” 6, “Neftçi” isə 8 baş məşqçiyə bel bağlayıb. Dünyanın antirekordçusu isə Boliviyanın “Real Potosi” klubudur. Bu komandanı 5 ildə 20 mütəxəssis çalışdırıb.

Qeyd edək ki, Azərbaycanın Premyer Liqasının orta göstərisici hər kluba 4,4 baş məşqçidir. Antirekord Boliviyada (9,1), rekord MLS, İslandiya, Şimali İrlandiya və İsveçdədir – 2,6.