Qubada elektrik cərəyanı iki uşağı vurdu: Biri öldü – YENİLƏNİB

0
400

Qubada iki azyaşlını elektrik cərəyanı vurması ilə bağlı cinayət işi başlanıb. 

Bununla bağlı Quba rayon prokurorluğu məlumat yayıb. 

Bildirilib ki, iyunun 13-də Quba rayonunda iki azyaşlının elektrik cərəyanı vurması nəticəsində birinin ölməsi, digərinin isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölüb, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

10:44

Qubada iki uşağı elektrik cərəyanı vurub.

Hadisə dünən rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakinləri 2009-cu il təvəllüdlü Polad Fərhad oğlu Fərhadov və 2008-ci il təvəllüdlü Uğur Xəyyam oğlu Bayramov birlikdə oynadıqları zaman qəsəbədənkənar ərazidə yüksək gərginlikli xəttin üzərində yerləşən ayırıcı açarın qutusunu açaraq, əlləri ilə açara toxunublar.

Hadisə nəticədə, P.Fərhadov hadisə yerində ölüb, U.Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.