Quba-Qonaqkənd yolu yenidən qurulur – Fotolar

0
653

Quba-Qonaqkənd yolu yenidən qurulur68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulur. 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib.

Hazırda yol boyunca əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri davam etdirilir. Bunun üçün əsasın alt və üst layı müvafiq olaraq 45 və 16 sm hündürlükdə qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilir. Yolun böyük hissəsində isə hər iki layın tikintisi işləri yekunlaşdırılıb və asfaltlanma işləri aparılır. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli asfalt-beton qarışığından örtük salınır.

Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib. Babaçay üzərindən salınan krpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.

Yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Bu yolun çəkilişi həm də Quba rayonunda turizm imkanlarını genişləndirəcək.