Qorxurdular ki, bunları tənbeh edəcəklər – Prezident

0
382

Bizim 1920-ci ildə endirilən üçrəngli bayrağımızı 70 il sonra Heydər Əliyev Naxçıvanda yenidən qaldırdı. Gücün varsa, bayraq həmişə yüksəklərdə olacaq.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxışı zamanı bildirib.

“O vaxt Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı rəsmi bayraq kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, onlar da eyni addımı atsınlar. Etmədilər. Çünki qorxurdular. O vaxt hələ Sovet İttifaqı dağılmamışdı. Qorxurdular ki, Moskvadan bunları tənbeh edəcəklər. Ona görə bu tarixi gün həmişə həm qürur mənbəyimiz olmalıdır, həm də daim yadda saxlamalıyıq ki, biz müstəqilliyi əbədi, dönməz etməliyik. Bunu kim etməlidir? Biz – Azərbaycan xalqı, Azərbaycan hakimiyyəti. Ona görə ölkəmizin gücləndirilməsi, mövqelərimizin möhkəmləndirilməsi, ölkəmizdə aparılan islahatlar iqtisadi, sosial sahədə, milli dəyərlərlə bağlı olan tədbirlərimiz, gənclərin milli ruhda tərbiyə olunması bu məqsədi güdür ki, bundan sonra Azərbaycan heç vaxt müstəmləkə olmasın, həmişə qürurlu, həmişə möhkəm ayaqda dayanan, müstəqil dövlət olsun və xalqımız həmişə azad olsun”, – İlham Əliyev qeyd edib.