“Qondarma erməni soyqırımından danışanlar faktlarla sübut olunan Xocalı soyqırımına siyasi qiymət versinlər”

0
222

“Tarixdə heç zaman “erməni soyqırımı” adlı hadisə olmayıb. Ona görə də hesab edirəm ki, “erməni soyqırımı” ifadəsinin işlədilməsi heç bir tarixi fakta və dəlilə əsaslanmır. Bu ifadə hər zaman bəzi qüvvələr və dairələrin bölgədə tamamilə müstəqil siyasət yürüdən, qısa müddətdə güclü regional oyunçu kimi özünü təsdiq edən qardaş Türkiyəyə qarşı təzyiq vasitəsinə çevrilib”.

Onun sözlərinə görə, ermənilər də bunun saxta və uydurma olduğunu yaxşı bilirlər:

“Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə tarixçilərin bir araya gələrək bu məsələni araşdırmalarını təklif edib və Ermənistan tərəfi də bundan qaçıb. Hətta Türkiyə dövləti rəsmi olaraq həmin dövrlə bağlı arxivlərin açılmasını, ortaq komissiyanın yaradılmasını da illər öncə təklif edib. Ermənistan isə arxivlərin açılmasından imtina edib. Bu faktın özü erməni riyakarlığının nümunəsidir. Ermənistan tərəfinin bu məsələni tarixçilərin yox, siyasilərin müəyyənləşdirməli olduqlarını dəfələrlə deməsi isə onların məkrli siyasətinin və erməni lobbisinin ayrı-ayrı dairələrə təsirinin təzahürüdür.

Ermənilərin “soyqırımı” mifindən yeri gəldi-gəlmədi istifadə və manipulyasiya etmələri artıq çoxlarını bezdirib. Uzun illər əsas diqqət ABŞ prezidentinin “soyqırımı” sözünü işlədib-işlətməyəcəyinə yönəldilirdi. Xatırlayırsınızsa, ötən il də ABŞ Prezidenti Cozef Bayden böyük haqsızlıq edərək bu ifadəni işlətdi. Bundan Ermənistan nə qazandı? Nə dəyişdi? Heç nə!”


Xocalı soyqırımı. 26 fevral 1992

Deputat bildirib ki, 1915-ci ildə əslində türklər soyqırımına məruz qalıblar:

“Ermənilər xalqımıza qarşı da dəfələrlə kütləvi qırğınlar törədiblər. Bu, danılmaz həqiqətdir. Bizə qarşı tarix boyunca soyqırımı törədildiyi halda, uydurma erməni soyqırımının Qərb dövlətləri tərəfindən gündəmdə saxlanılması yalnız siyasi məqsədlərə xidmət edir. Ermənilərin uydurma iddiaları həmin ölkələr tərəfindən bir alət kimi istifadə olunur. Amma tarixi saxtalaşdırmaq mümkün deyil! Uydurma erməni soyqırımının bəzi dövlətlər tərəfindən tanınması isə türkofobiyanın göstəricisidir.

1918-ci ildə azərbaycanlılara qarşı baş verən 31 Mart soyqırımı, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı var. Lakin təəssüf ki, dünyanın bir çox dövlətləri bu dəhşətli faktları görməzlikdən gəlir. Bu, bir daha sübut edir ki, qondarma erməni soyqırımı bəzi dövlətlərin əlində sadəcə siyasi maraqlarını həyata keçirmək üçün istifadə etdikləri vasitədir. Beynəlxalq hüququ pozanlar bir daha dönüb aynaya baxsınlar. Onlar olmayan “soyqırımı”ndan danışırlarsa, faktlarla sübut olunan Xocalı soyqırımına siyasi qiymət versinlər. Xocalı soyqırımı müasir dünyada qəddarlığın, amansızlığın və cəzasızlığın bir nümunəsidir. Heç kəsə də sirr deyil ki, Ermənistana və onun ordusuna uzun müddət rəhbərlik etmiş Serjik Sarkisyan, Robert Köçəryan kimi şəxslər və Ermənistan hökumətinin onlarla digər rəsmi nümayəndələri azərbaycanlıların soyqırımı və etnik təmizləməsində bilavasitə iştirak ediblər. Bəzi dairələr və dövlətlər isə onların törətdikləri insanlıq əleyhinə cinayətlərə göz yumurlar. Onların bu əməllərinə görə isə Xocalı soyqırımını törədən, onun təşkilatçıları, həm siyasi, həm də hərbi rəhbərlərinin heç biri cəzasını almayıb. Biz 44 günlük Vətən müharibəsi zamanı şəhidlərimizin qisasını aldıq, ərazi bütövlüyümüzü təmin etdik. Hərb meydanında ədalət öz yerini tutdu, indi isə Azərbaycan xalqının düşmənlərini ədalət məhkəməsi gözləyir. Gec və ya tez hər bir qatil və quldur erməni Azərbaycan xalqına qarşı törətdiyi bütün cinayətlərə görə, o cümlədən Xocalı soyqırımına görə öz layiqli cəzasını alacaq”.