Qlobal böhran yaxınlaşır – İqtisadçıdan həyəcan

0
433

ABŞ-Çin ticarət müharibəsinə yeni bir gərginləşdirici element də daxil oldu. Öz texnoloji imkanları (xüsusilə əhalinin kütləvi video müşahidəsinin təşkili) ilə insan haqlarının pozulmasında hökumətlərinə dəstək verən Çinin xeyli şirkəti ABŞ-ın sanksiya siyahısına düşdü.

Bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. O bildirib ki, Çin rəsmilərinin açıqlamalarından görünür ki, bu addımda ticarət müharibəsi qədər narahatlıq var:

“BVF dünən açıqladı ki, ABŞ və Çin arasında ticarət savaşı 2020-ci ildə qlobal ÜDM-i 700 milyard dollara qədər azaldacaq. ABŞ iqtisadiyyatı ilə bağlı narahatlıq da artır. Dünyanın ən əhəng iqtisadiyyatı likvidlik problemi ilə üzləşib. FES REPO əməliyyatları vasitəsilə pul bazarına 150 milyard dollara yaxın vəsait inyeksiya etsə də, defisit probleminin həll olunmadığı görünür. Banklararası bazarda günlük kreditləşmə üzrə faizlərin birdən-birə 4 dəfə artması FES-i bu addımı atmağa məcbur etmişdi. Faiz siyasətinin yumşaldıldığı şəraitdə REPO dəstəyinin belə likvidlik defisiti problemini həll edəcəyi, deyəsən, mümkün görünmür. FES son 5 ildə ilk dəfə yenidən kəmiyyət yumşaldılmasına getməli olacaq. 2008-2014-cü illərdə çap maşını hesabına həyata keçirdiyi QE proqramı nəticəsində FES-in balansı 5 dəfə artaraq, 900 milyard dollardan 4.5 milyard dollara çatmışdı.

Belə xəbərlər də var ki, ABŞ-ın hökumət iqtiqrazlarının ən böyük alıcıları Çin və Yaponiya bu bazarda iştiraklarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdıqları üçün FES çap maşını hesabına yerli maliyyə institutlarına dəstək verməklə hökumətin borclanmasına dəstək vermiş olur”.

İqtisadçı bildirib ki, baş verənlər bütün bəyanatlara, bəzi makroiqtisadi göstəricilərin (işsizlik, inflyasiya) yaxşı olmasına baxmayaraq, 1 nömrəli iqtisadiyyatda narahatlıqlar olduğunu göstərir:

“Hətta FES-in son iclasının ictimaiyyət üçün açıqlanan protokollarının stenoqramı göstərir ki, qurumda olan peşəkarlar yaxın dövr üçün ABŞ-da yeni ressesiya riskini real sayırlar. Eyni zamanda, Asiya və Avropanın iqtisadi nəhənglərinin demək olar ki, hamısında iqtisadi artımın zəifləməsi müşahidə edilir. Bunun üzərinə onu da əlavə edin ki, ötən həftə ABŞ neft hasilatında yeni rekorda çıxdı – gündəlik hasilat 200 min barrel artaraq, 12.6 milyon barrelə çatdı. Neft məhsullarının ixracı da ilin əvvəlindən 20 faiz artaraq, tarixi rekord göstəriciyə yetişib. Burada əsas narahatlıq odur ki, yeni bir ressesiya neft bazarını yenidən çalxalasa, ən böyük zərbəni dayanıqlı iqtisadi inkişafa malik olmayan resurs ölkələri alacaq”.