Qızılca niyə tüğyan edir: Diqqət məktəbə – AKTUAL

0
231

Son aylar bağça və məktəblərdə qızılcaya yoluxma halları artıb. Valideynlər deyirlər ki, övladlarını qızılca əleyhinə peyvənd etdirsələr də, uşaqlar virusu ağır keçirirlər.

Bu arada, sosial şəbəkələrdə valideynlər övladlarında naməlum virusun olduğu ilə bağlı şikayətlərini də bildirirlər. Onların sözlərinə görə, qusma ilə özünü göstərən xəstəliyi uşaqlar çox ağır formada keçirirlər.

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə qızılcaya yoluxma ihalları lə bağlı vəziyyətin yaxından izlənildiyini söyləyib. Onun sözlərinə görə, qızılcaya yoluxma ilə bağlı təsdiqlənmiş saylar çox deyil.

“Bəzən başqa simptomlarla qızılca səhv salınır. Ona görə həkimə müraciət edilməsi tövsiyə olunur. Hazırda şayiə və faktlar arasında qalmışıq. Bəzi məktəblərdə əsası olmadan rəqəmlər deyilir. Əksər məktəblərdə ciddi problem müşahidə etmirik. Sadəcə şayiə xarakterli rəqəmlər səsləndirilir. Valideynlərə çağırış edirəm ki, övladlarınızı mütləq qızılca və digər müvafiq yoluxucu xəstəliklərə qarşı vaksinasiya etdirin. Ən qısa zamanda, ələxsus da azyaşlı uşaqlar peyvənd olunmalıdırlar”, – deyə Əmrullayev bildirib.

Qeyd edək ki, qızılca kəskin yoluxucu virus xəstəliyidir və sürətlə yayılır. Xəstəliyin gedişatında 3 mərhələ ayırd edilir – kataral, səpki, piqmentasiya. İnkubasiya dövrü əsasən 6-17 gündür, lakin çox hallarda 8-11 gün davam edir. Kataral dövrdə ümumi intoksikasiya əlamətləri meydana çıxır. Öskürək, burundan selikli ifrazatın gəlməsi, hərarətin 38-39 dərəcəyə yüksəlməsi, konyuktivit, qırtlaq ödemi və s. əlamətlər xarakterikdir ki, bu dövr adətən 4-5 gün çəkir.

Təhsil eksperti Kamran Əsədov baş verənlərə dair AYNA-ya açıqlamasında deyib ki, məktəblərdə qızılca ilə bağlı vəziyyət təhlükəli həddə yaxınlaşmaq üzrədir: “Məlumdur ki, koronavirus pandemiyası bütün bəşəriyyəti başına götürdü və faktiki olaraq dünyamız dayandı. Dünya iqtisadiyyatı çökdü, milyonlarla insan COVID infeksiyasının qurbanı oldu, ölkələr arasında sərhədlər bağlandı. Koronavirus pandemiyası hələ də başa çatmayıb. Sadəcə yoluxma sayında müəyyən azalmalar var. Hər kəs bunu başa düşməlidir. Anlamalıdır ki, biz bu gün də COVID dövründə yaşayırıq”.

“Bu infeksiya müxtəlif xəstəliklər formasında təşəkkül tapır və insanları yaxalayır. Bu baxımdan bütün müəssisələr, əsasən də məktəblər vaxtaşırı olaraq dezinfeksiya edilməli, nəzarət tədbirləri gücləndirilməli, hansısa əlamətin müşahidə olunduğu şagirdlər dərhal nəzarətə götürülməlidir. Lakin biz görürük ki, koronavirus infeksiyasına yoluxma sayı azalan kimi bir arxayınlaşma yarandı və qızılca ilə bağlı son baş verənlər həm də bundan qaynaqlanır”, – deyə həmsöhbətimiz bildirib.

Ekspert ümumtəhsil müəssisələrində səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsini vacib sayır: “Qızılca infeksiyasının sürətlə çoxaldığı hazırkı şəraitdə bunun daha da artmaması, yayılmaması üçün müəyyən addımlar atılmalıdır. Gözləmək lazım deyil ki, yoluxma daha da artsın və bundan sonra müvafiq qərar verilsin. Təbii ki, valideynlər övladlarını qızılcaya və digər yoluxucu xəstəliklərə qarşı vaksinasiya etdirməlidirlər”.

“Lakin bunu xatırlatmaqla iş bitmir. Hazırda qızılcaya yoluxma dinamikası ciddi artım var və bu, həyəcan siqnalıdır. Hesab edirəm ki, ilkin mərhələdə ümumtəhsil məktəblərində bir həftəlik fasilə elan edilməlidir. Onlayn təhsilə keçmək, ali və orta ixtisas məktəblərində də qızılcaya yoluxma hallarını nəzərə alıb, gələcəkdə bu təhsil müəssisələrində də qısa müddətə tədrisə ara vermək mümkündür”, – deyə Əsədov vurğulayıb.

Pediatr Günay Rəsulova məsələ ilə bağlı AYNA-ya şərhində söyləyib ki, immuniteti güclü olan uşaqlar bu xəstəliyə qalib gəlsələr də, bu virusun qurbanına çevrilənlər də olur: “Bu, daha çox uşaqlar arasında yayılan xəstəlikdir. Hansı ki, böyüklər arasında da görülməsi istisna edilmir. Risk qrupuna aid uşaqlar da var. Bu sıraya xroniki və allergik xəstəliyi olan, immundefisit problemi yaşayan, anadangəlmə ürək və böyrək qüsurları olanlar qeyd oluna bilər”.

“Bu xəstəlikdən sağalandan sonra bəzən uşaqlarda nevroloji əlamətlər meydana gələ bilər. Yəni istisna deyil. Virusdan yeganə çıxış yolu peyvənd olunmaqdır. O demək deyil ki, peyvənd olunan uşaqlar bu xəstəliyi keçirmirlər. Keçirirlər, lakin əlamətləri yüngül olur. Xəstəlikdən ağırlaşmalar pnevmaniyaya da gətirib çıxara bilər. Təcrübədə az olsa da, otit, beyin toxumasının zədələnməsi ilə uşaq tələf də ola bilər. Valideynlər diqqətli olmalıdırlar və kimlər ki, övladlarını qızılcaya qarşı peyvən etdirməyib, onlar tələsməlidirlər”, – deyə müsahibimiz qeyd edib.

Rəsulovanın dediyinə görə, qızılcanın peyvənddən başqa müalicə üsulu yoxdur: “Bu peyvənd iki doz vurulur. İkinci doz vurulduqdan sonra yüksək qoruculuğa malik olur. Bunun üçün Səhiyyə Nazirliyi tərəfindən cədvəl də hazırlanıb. Xəstəliyin müalicəsində yüksək miqdarda A vitaminindən istifadə olunur. Əfsuslar olsun ki, bu xəstəliyin xüsusi bir müalicəsi yoxdur”.