Qiyamçı Cavadov qardaşlarını qəhrəmanlaşdırmaq CƏHDİ – Mart qiyamının GİZLİNLƏRİ

0
13

Müstəqilliyimizin ilk illərində Azərbaycanda olduqca ziddiyyətli və çətin vəziyyət hökm sürürdü.

Bir yandan Qarabağ müharibəsi, digər tərəfdən Bakıda gedən hakimiyyət davaları ölkədə xaos vəziyyətinin yaranmasına səbəb olmuşdu. Yalnız 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin Bakıya qayıtmasından sonra yenicə qovuşduğumuz müstəqilliyin qorunması üçün zəruri addımlar atılmağa başlandı. Məhz Ulu Öndərin sayəsində dövlət aparatı gücləndi, siyasi hərc-mərcliyə son qoyulması üçün davamlı islahatlar aparıldı.

Bu vəziyyətdən narazı olanlar

Lakin dövlətçiliyimizin möhkəmlənməsi heç də hər kəs tərəfindən xoş qarşılanmadı. Xarici qüvvələrlə yanaşı daxildəki bəzi qruplar da öz planlarının pozulmasından narahat idilər. Məhz bu situasiyada, 1995-ci ilin martında Azərbaycanda dövlət çevrilişi cəhdi baş tutdu.

Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) komandiri Rövşən Cavadov rəhbərliyi altında OMON-çular silah gücü ilə hakimiyyəti ələ almaq üçün hərəkət keçdilər.

OMON-çuların qanunsuz əməlləri

Əvvəla, onu qeyd edək ki, OMON-un yaradılmasının arxasında kifayət qədər şübhəli məqamlar var idi. OMON 1990-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin bölməsi kimi yaradılmışdı. Bu dəstənin yaradılmasında ən fəal rol oynayanlardan biri Cahangir Müslümzadə idi. O, vaxtilə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin Komsomol təşkilatlarına rəhbərlik etmişdi.

Digər tərəfdən, Rövşən Cavadovun təyinatı birbaşa Ayaz Mütəllibovun adı ilə bağlıdır. Ayaz Mütəllibovun hansı ölkənin adamı olduğunu isə yəqin ki, xatırlatmağa ehtiyac yoxdur.

OMON-un sonrakı illərdəki fəaliyyəti isə o dönəmə şahidlik edən hər kəsin yaxşı yadındadır. Belə ki, OMON-çular xalqı qorumaq yerinə, faktiki olaraq dinc insanlara qənim kəsilmişdilər. Onlar reketliklə, iş adamlarından xərac yığmaqla onsuz da əhalinin ağır olan sosial vəziyyətini daha da pisləşdirirdilər. Üstəlik, hüquq-mühafizə orqanlarının təmsilçisi kimi bəlli fəaliyyətlə məşğul olmalı olan Rövşən Cavadov faktiki olaraq siyasi fiqura çevrilmişdi. O, mütəmadi olaraq siyasi açıqlamalar verir, ictimai proseslərə açıq müdaxilə edirdi.

Dövlət çevrilişinə cəhd

OMON-çular ilk olaraq Qərb bölgəsində öz çirkin planlarını həyata keçirməyə başladılar. Martın 13-də onlar bir sıra dövlət idarələrini ələ keçirmək üçün hərəkətə keçdilər. Lakin hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində onlar məğlub olaraq, Gürcüstana qaçdılar.

Martın 14-də Azərbaycanın daxili işlər naziri Ramil Usubovun XTPD-nin ləğv edilməsi ilə bağlı əmri televiziyada elan etdi. Bu qərar XTPD-nin idarə olunmayan güc halına gəlməsi, nazirliyin tabeliyindən tamamilə çıxması və kriminal aləmlə işbirliyi qurması səbəbiylə qəbul edilmişdi.

OMON-çuların rəhbəri Rövşən Cavadova və döyüşçülərinə, 17 Mart 00:00-a qədər üç gün ərzində dəstədəki bütün texniki vasitələri və silahları təhvil vermə əmri verildi. Əmrə görə, silahı könüllü təhvil verənlər törətdikləri əməllərə görə cəzalandırılmayacaq və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Lakin XTPD-nin başçısı Rövşən Cavadov Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə dövlət başçısı qarşısında müəyyən şərtlər qoydular. Onlar silahları könüllü təhvil vermək yerinə, hökumətin istefasını tələb etdilər.

Onların bu addımı martın 16-dan 17-nə keçən gecə “8-ci kilometr” ərazisində OMON-çularla Milli Ordu arasında silahlı toqquşmalara, qardaş qanının tökülməsinə səbəb oldu. Sonda isə dövlət çevrilişinə cəhdin qarşısı alındı. Rövşən Cavadov öldü, Mahir Cavadov isə ölkədən qaçdı. O, bir müddət Avstriyada, sonra isə İrandan sığınacaq aldı. O bu gün də Azərbaycana qarşı fəaliyyətlərini davam etdirir.

Mart çevrilişinin pərdəarxası

Cavadovlar dövlət çevrilişinə cəhdi təkbaşına planlaşdırmamışdılar. Xaricdən də onlara dəstək var idi. Bu faktlar isə cəmi 1 il sonra açıq ifşa olundu. 1996-cı il Susurluq qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar bəzi Türkiyə kəşfiyyatçılarının çevrilişi dəstəklədiyini və prosesdə aktiv rol oynadığını üzə çıxardı.

1996-cı il Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumatlarına görə, Türkiyənin həmin dönəmdə baş naziri olan Tansu Çillərin bu prosesdə rolu var idi. Qiyamın əsas təşkilatçılarından ikisi isə Milli Kəşfiyyat Təşkilatının üzvləri Fərman Dəmirqol və Kənan Gürəl idi.

Belə ki, Fərman Dəmirqol və Kənan Gürəl Rövşən Cavadov ilə ayrı-ayrılıqda görüşlər keçirib və həmin görüşlərdə müəyyən tapşırıqlar vermişdi. O tapşırıqlara əsasən Fərman Dəmirqol Azərbaycanda müxalifətdə olan siyasi partiyaların vahid halda birləşməsini təmin etməli idi və həmin siyasi təşkilata, müxalifətdə olan hərbi qüvvələr cəlb olunmalı idi. Kənan Gürəl isə ticarətiçi kimi Bakıya gəlmişdi və burada firma yaradıb ofis qurmuşdu.

Kənan Gürelə verilən tapşırığa əsasən Rövşən Cavadovla, eləcə də Xüsusi Təyinatlı Polis Dəstəsinin komandir heyəti, dəstənin digər üzvləri arasında iş aparmağa imkan verilir, onların bu işə cəlb olunması üçün müəyyən hərəkətlər edilir, tapşırıqlar verilirdi. Əsas rəhbərlik isə Fərman Dəmirqola tapşırılmışdı.

Dəmirqol və Gürəl bu əməllərinə görə sonradan həbs olundular. Onlar yalnız MİT rəhbərinin Bakıya gəlib, Ulu Öndərdən xahiş etməsindən sonra azadlığa buraxıldılar.

Təbii ki, qeyd olunan şəxslərin əməllərini müasir Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Çünki həmin dövrdə Türkiyədə də siyasi qarışıqlıqlar hökm sürürdü.

Qiyamçını qəhrəmanlaşdırmaq cəhdləri

Təəssüflər olsun ki, son günlərdə Cavadov qardaşlarını qəhrəmanlaşdırmaq cəhdlərinə rast gəlinir. Ancaq bütün faktlar, onların törətdiyi əməllər göz önündədir. Cavadov qardaşları, Əlikram Hümbətov, Surət Hüseynov, Rəhim Qazıyev kimi şəxslərin əməlləri həmin dövrdə Azərbaycanı xaosa sürükləməklə yanaşı torpaqlarımızın işğalında da əsas rol oynadı.

Lakin onların buraxdığı bu ağır “miras”a məhz İlham Əliyev tərəfindən son qoyuldu və torpaqlarımız işğaldan azad edildi.