Qışda bir oturuma bir öküzü yeyərik, yayda isə… – Səbəb ÇOX MARAQLIDIR

0
61

Yayın isti günlərində sərin havalarda olduğu kimi ac olmadığınızı hiss edirsiniz. Bəs temperatur və iştah arasında nə əlaqə var? Çöldə isti olanda niyə özümüzü daha tox hiss edirik?

Temperaturun iştaha təsiri alimlər tərəfindən çoxdan müşahidə edilir. “Biz bilirik ki, soyuq şəraitdə insanlar daha çox kalori yeyirlər”, – deyə Texas Tech Universitetində qidalanma üzrə mütəxəssis və dosent Alison Çildress bildirib.

Alimlərə görə, bunun altında bioloji amillər yatır. Bildiyimiz kimi, kalorilər enerji vahididir. Onlar yanan zaman istilik əmələ gətirirlər ki, bu da insanlara soyuq iqlimlərdə bədən istiliyini saxlamağa kömək edir. Ancaq qış yerini isti havaya verəndə insanlar daha az ac hiss etdiklərini görürlər.

Massaçusetsdəki Williams Kollecinin nevroloqu Matt Karter qeyd edir ki, hormonlar, zülallar və ətraf mühit faktorları da daxil olmaqla, bir çox dəyişənlər bizim aclığı necə və niyə hiss etdiyimizə təsir edir və nəticədə isti günlərdə bu hissin niyə azaldığını göstərir.

Bədənimiz daim sabit daxili vəziyyəti saxlamağa çalışır. Buna homeostaz deyilir. Buna görə də biz qızmar günəş altında tərləyirik və ya gərgin məşqdən sonra su içirik. Aclıq həm də homeostatikdir: bədəndə az kalori olduqda aclıq hiss edirik və daxili fizioloji vəziyyəti tarazlıqda saxlayaraq yeməkdən sonra toxluq hiss edirik.

Araşdırmadan ortaya çıxan qənaətə görə, iştah və toxluqda iki hormon böyük rol oynayır: birincisi, mədə boş olduqda ifraz olunan qrelin, ikincisi isə yağ hüceyrələri tərəfindən ifraz olunan və bədənin doyduğu zaman beyinə xəbər verən leptin.

Hisslərimizə və davranışlarımıza təsir etmək üçün bu hormonlar hipotalamusa, beynin bədən istiliyi, aclıq və susuzluq kimi aspektləri tənzimləyən hissəsinə siqnallar göndərir. Karter deyir ki, hipotalamusun aşağı hissəsində aclıq və toxluq hisslərini idarə edən xüsusi neyronlar var.

Orada qrelin AgRP neyronları adlanan aclıqla əlaqəli neyronları stimullaşdırır və aclıq hissi yaradır. Leptin isə bu neyronları yatırır və POMC neyronlarını stimullaşdırır ki, bu da sizə özünüzü tox hiss etdirir.

Beyində zülal adlanan temperatur sensorları var ki, onlar bədəniniz müəyyən istilik səviyyəsinə çatdıqdan sonra formasını dəyişir. 2020-ci ildə “eLife” jurnalında dərc edilən bir araşdırma, siçanlarda müəyyən beyin hüceyrələrinin havanın temperaturu soyuq olduqda AgRP neyronlarına məlumat göndərdiyini və bunun da aclığı artırdığını müəyyən etdi.

Digər tərəfdən, “PLOS Biology” jurnalında dərc olunmuş 2018-ci ildə edilən bir araşdırmaya görə, çöldə isti olanda POMC neyronlarında bədən istiliyi yüksəldikdə aktivləşən istiliyə həssas zülal var və bu da öz növbəsində toxluqla əlaqəli neyronları aktivləşdirir.