Qışa mürəbbə hazırlamağın beş səbəbi

0
520

Son vaxtlar mürəbbə bişirmək dəbdən düşüb. Bu, vaxt və zəhmət tələb edir, əlbəttə ki, şəkər tozu da az tələb olunmur. Bu səbəbdən ev xanımları əvvəllər populyar olan reseptlərdən imtina edir, mağazadan alınan cem və konfetlərə üstünlük verirlər. Lakin ev mürəbbəsini marketdə satılanla əvəz etmək səhv addımdır. Sənayedə hazırlanan məhsulun tərkibində konservantlar və dadgücləndiricilər olur, buna görə də onun heç bir faydasından söhbət gedə bilməz. Ancaq evdə hazırlanan məhsulun faydalı olmasını cəsarətlə deyə bilərik.

Bunun beş səbəbini diqqətinizə çatdırırıq:

1.Mürəbbənin tərkibində pektin var

Siz heç olmasa bir şirniyyatın adını çəkin ki, orqanizmdən şlak və toksinləri çıxarmağı bacarsın. Yaxud da həzmetməni, mədə-bağırsaq işləməsini nizamlasın, xolesterin yığınını bağırsaqlardan təmizləsin və s. Pektinlə zəngin olan meyvələrdən hazırlanan alma, motmotu, qarağat, ərik, gavalı mürəbbələri isə buna qadirdir.

Pektinlər – təbii polisaxaridlər orqanik turşuların törəmələridir. Onlar meyvə və giləmeyvələrə lətin həcmini saxlamaq üçün möhkəmlik verirlər. Pektinlər qatılaşdırma xassəsinə malikdirlər: onlar mayeni qatılaşdırır, jele şəklinə salırlar. Bu səbəbdən bağırsaq pozulmaları zamanı tərkibində pektinlərin olduğu məhsullar ishalın və orqanizmdə maye itkisinin qarşısını alır.

2.Vitaminlər meyvənin tərkibində qalır

Mürəbbə rəqiblərinin əsas sübutu ondadır ki, qaynadılan zaman bütün faydalı maddələr parçalanır. Çox vaxt “bütün” sözünün arxasında C vitamini nəzərdə tutulur ki, həqiqətən də bu vitamin istilik emalına qarşı həssasdır.

Lakin askorbin turşusu təkcə qızdırılma zamanı qeyri-sabit deyil. Aşağı temperaturda saxlanılma zamanı (giləmeyvə və meyvələrin dondurulması) onun miqdarı çox sürətlə aşağı düşür və artıq 3 aydan sonra sıfra bərabər olur. Bu səbəbdən dondurulmuş meyvələri C vitamininin yaxşı mənbəyi hesab etmək səhvdir.

Giləmeyvə və meyvələrin tərkibində C vitaminindən əlavə digər dəyərli maddələr də var. Bu, B vitaminləri qrupu və termik emal zamanı parçalanmayan mikroelementlərdir. Bu səbəbdən qışda məhsulu əminliklə təkcə dadlı deyil, həm də faydalı hesab etmək olar.

3.Şəkərin həcmini azaltmaq mümkündür

Hər bir mürəbbənin ənənəvi resepti bir hissə meyvəni bir hissə şəkər tozu ilə qatmaqdır. Lakin heç kim qadağa qoymur ki, şəkər tozunun miqdarı azaldılsın. Bu zaman məhsul sərin yerdə, hətta otaq temperaturunda da saxlanılır.

Şəkərin həcminin azaldılması məhsulun patogen mikroorqanizmlərə qarşı davamlılığını aşağı salır. Buna görə də bankaların hazırlanmasına xüsusi diqqətlə yanaşmaq vacibdir. Onları yumaq, sterilizə etmək və steril qapaqlarla bağlamaq lazımdır. Bu zaman meyvənin tərkibində şəkərin miqdarı iki dəfə azaldılsa belə, mürəbbə korlanmayacaq.

4.Mürəbbənin tərkibində transyağlar yoxdur

Biz tort və pirojnaları yeyərkən özümüzə məhdudiyyətlər qoymağa adət etmişik. Lakin özümüzə və uşaqlara bir dəfəyə yarım banka mürəbbəni yemək üçün icazə verməyə hazırıq. Sonra isə mürəbbənin kalorili və tərkibində xeyli şəkər olmasını düşünürük.

Mürəbbəyə şirin desert kimi baxmaq lazımdır! Onu az-az yemək, uşaqların bu şirin məhsuldan nə qədər qəbul etdiyinə diqqət yetirmək lazımdır. Əgər mürəbbə marketdən aldığınız şirniyyatları əvəz edirsə, o zaman orqanizminiz sizə minnətdar olacaq.

Hər bir qənnadı məhsulunun tərkibində, o cümlədən pirojna və peçenyedə böyük miqdarda şəkərə malik transyağlar var. Evdə hazırlanan mürəbbədə isə transyağlar yoxdur. Mürəbbə həmin şirniyyatlarla müqayisədə daha təhlükəsizdir.

5.Mürəbbə dərmanı əvəz edə bilər

Özü də təkcə bağırsaqla bağlı problemlərə qarşı olan dərmanları deyil. 2018-ci ildə Böyük Britaniyanın Qida Tədqiqatları İnstitutunun dərc etdiyi məruzədə pektinlərin xərçəng hüceyrələrinin inkişafını bloklamaq qabiliyyəti qeyd olunub. Maddənin müdafiə effekti onun tərkibində xərçəngə qarşı aktivliyə malik qalektin zülalının olması ilə səciyyələnir.

Moruq mürəbbəsinin tərkibində aspirin təsirinə malik təbii birləşmə mövcuddur. Kəskin respiratorlu virus infeksiyası və qrip zamanı bu mürəbbə bədənin yüksələn hərarətini aşağı salmağa kömək edir. Giləmeyvənin tərkibində olan fitonsidlər isə (termik emal zamanı bu maddələr parçalanmır) stafilokok və göbələyin inkişafının qarşısını alır.

Qara qarağatdan hazırlanan mürəbbə soyuqdəymə zamanı fəallaşan və iltihab prosesinin inkişafına şərait yaradan tosqun hüceyrələrin artımını dayandırmağa qadirdir. Qaragilə mürəbbəsi görmə qabiliyyətini yaxşılaşdırır, termik emal zamanı saxlanılan antosianlarla çox zəngindir. Armud mürəbbəsi böyrək xəstəliklərində, ərik mürəbbəsi isə qanda hemoqlobinin miqdarı aşağı düşdükdə faydalıdır.

Meyvə və giləmeyvələri qışa saxlamaq üçün onları qaynatmaq vacib deyil. Onları şəkər ilə ovxalayıb soyuducuda saxlamaq da mümkündür. Həmçinin dondurmaq və zərurət yarandıqca qışda və yazda istifadə etmək olar. Şəkərlə ovxalanmış meyvələr hazır mürəbbə kimi həm də faydalı desert rolunu oynaya bilər. Ancaq dondurulmuş meyvəni tək halda desert kimi istifadə etmək olmur, kompot və digər məmulatlar üçün istifadə etmək mümkündür.