Qırmızı linzaların inanılmaz faydası: İnfarktın, insultun və iltihabın qarşısını alır

0
12

Uzundalğalı qırmızı işığın təsiri infarkt, insult və digər təhlükəli vəziyyətlərə səbəb olan trombların əmələ gəlmə riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Pittsburq Universitetinin elm adamlarının apardıqları tədqiqatın nəticələri “Journal of Thrombosis and Haemostasis” (JTH) jurnalında dərc edilib.

Eksperimentlər göstərib ki, 12 saat ərzində qırmızı işığın təsirinə məruz qalan siçovullarda tromb əmələ gəlmə ehtimalı ağ və ya mavi işıq altında olan siçovullarla müqayisədə beş dəfə aşağı olub. Kor siçovullarda belə effekt müşahidə edilməyib, bu isə işığın vizual qavranılmasının vacibliyini göstərir.

Eksperimentin nəticələrini katarakta əməliyyatı keçirmiş 10 min xəstənin iştirakı ilə aparılan əlavə tədqiqat təsdiqləyib. Mavi işığı bloklayan linzalardan istifadə edən onkoloji xəstələrdə tromboz riski də əhəmiyyətli dərəcədə azalıb.

Alimlər qırmızı işığın profilaktik effektini onun iltihabı və immun sisteminin aktivliyini azaltmaq qabiliyyəti ilə əlaqələndirirlər. Qırmızı işığa məruz qalan siçovullarda trombların əmələ gəlməsinə səbəb olan “neytrofil tələləri”nin daha az əmələ gəlməsi müşahidə edilib. Həmçinin trombların formalaşmasına cavabdeh olan trombositlərin aktivləşməsinin qarşısını alan yağ turşularının istehsalı artıb.

Tədqiqatın müəlliflərindən biri olan doktor Elizabet Andraski qeyd edib ki, bu kəşf trombozun qarşısını almaq üçün ucuz və əlçatan müalicə üsullarının yaradılmasına gətirib çıxara bilər. Tədqiqatın növbəti mərhələlərində alimlər qırmızı işığın təsirini dozalaşdıran xüsusi eynəklərin sınaqlarına başlamağı planlaşdırırlar.