Qırmızı dənizdəki böhran Süveyş kanalını da “vurdu” – 42 faiz azalıb

0
185

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) Qırmızı dənizdəki hücumlar səbəbindən Süveyş kanalı vasitəsilə həftəlik tranzitin son iki ayda 42 faiz azaldığını bildirib.

Xəbər verir ki, UNCTAD-dan verilən açıqlamada dünyanın mühüm ticarət yollarına təsir edən geosiyasi gərginliklər və iqlim dəyişikliyi səbəbi ilə qlobal ticarətdə artan problemlər barədə xəbərdarlıq edilib.

Açıqlamada dəniz sənayesinin əsas oyunçularının Qırmızı dənizdəki böhrana cavab olaraq Süveyş tranzitini müvəqqəti olaraq dayandırdığı xatırladılıb. Həftəlik konteyner gəmisi tranzitlərinin bir il əvvələ nisbətən 67 faiz azaldığı bildirilib.

Eyni zamanda nəqliyyatın və sığorta haqlarının gündəlik qiyməti artıb. Bu, qida və enerji qiymətlərinə də təsir edir.

Açıqlamada təbii qazın nəqlinin dayandırılması ilə əlaqədar enerji qiymətlərində artım olduğu və bunun xüsusilə Avropanın enerji təchizatına birbaşa təsir etdiyi qeyd edilib.

Bildirilib ki, Avropa, Rusiya və Ukraynadan taxıl daşınmasında yaranan fasilələr qlobal ərzaq təhlükəsizliyi üçün risklər yaradır, istehlakçılara təsir edir və istehsalçılara ödənilən qiymətləri aşağı salır.

UNCTAD-ın Ticarət Logistika Bölməsinin rəhbəri Jan Hoffmann bildirib ki, bir çox inkişaf etməkdə olan ölkələrin qlobal dəyər zəncirlərində iştirakı əsasən Süveyş kanalının tranzitindən asılıdır.