İyulun 15-də Macarıstanın paytaxtı Budapeşt şəhərində qılıncoynatma üzrə dünya çempionatına start verilib.
Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, iyulun 23-nə kimi davam edəcək turnirdə Azərbaycan yığma komandası kişilərin şpaqa və qadınların sabliya yarışlarında təmsil olunacaq.
Şpaqada Kənan Əliyev və Ruslan Həsənov, sabliyada isə Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova çıxış edəcəklər. Yarışın proqramına əsasən, bu gün Kənan Əliyev və Ruslan Həsənov kişi şpaqaçıların şəxsi yarışında ilkin mərhələdə mübarizəyə qoşulacaq. Şpaqaçılarımız 64-lüyə düşəcəyi təqdirdə iyulun 19-da bu kateqoriya üzrə əsas mərhələdə mübarizəni davam etdirəcəklər.
Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova isə iyulun 17-də qadın sabliyaçıların şəxsi yarışında ilkin mərhələdə qüvvələrini sınayacaqlar. Qadın sabliyaçıların şəxsi yarışında əsas mərhələnin görüşləri iyulun 20-də keçiriləcək. Qadın sabliyaçılarımız iyulun 23-də dünya çempionatının sonuncu günündə komanda yarışında mübarizə aparacaqlar.