Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının geniş tərkibdə nümayəndə heyətlərinin Şuşa şəhərinə səfərlərində 500 nəfər iştirak edib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfər çərçivəsində QHT nümayəndələri, habelə bloqer və ictimai fəallar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələrini və 44 günlük Vətən müharibəsindən sonra Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və genişmiqyaslı tikinti-bərpa işlərinin həcmini və sürətini izləyiblər.
Ermənilərin Şuşa şəhərini işğal altında saxladıqları dövrdə şəhərin tarixini silmək üçün xüsusilə XVIII əsrin sonlarında inşa olunan qədim tikililəri, xan və bəy saraylarını, tarixi memarlıq abidələrini məhv etdiklərini gözləri ilə görüblər.
Səfər iştirakçıları Cıdır düzündə olublar, Molla Pənah Vaqifin məqbərəsini və Bülbülün ev muzeyini, şəhər mərkəzində Bülbül, Üzeyir Hacıbəyli və Xurşudbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər, Şuşa Qala Qapısında olublar.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, bu səfərdə müxtəlif sferalarda fəaliyyət göstərən QHT-lər iştirak edib:
“Onlar Şuşa ilə tanış olmaqla bərabər, müxtəlif təşəbbüslərlə də çıxış edirlər. Bu səbəbdən də səfər əhəmiyyətli olacaq. Onlar ideya və təşəbbüsləri ilə dövlət qarşısında çıxış edəcəklər, təkliflərini bizə göndərəcəklər. Araşdırma layihələrinin aparılması, tarixi mədəni abidələrin araşdırılması və eyni zamanda, tarixi mədəni abidələrin təbliğatı ilə bağlı ideyalar təqdim edəcəklər”.