“Qazilərin ödənişi, əməkhaqqı və pensiya artırılır” – Deputatdan SEVİNDİRİCİ AÇIQLAMA

0
12

Ölkə başçısının “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü ildə imzalandığı Sərəncama əsasən Nazirlər Kabinetinə 3 ay vaxt verilmişdi. Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün verilən müddət başa çatıb. Ona görə də hansı müavinət və təqaüdlərdə artımların olacağı ilə bağlı suallar səslənir. 2025-ci il üçün sosial paketin dərinləşməsi və daha çox vətəndaşın sosial təminat tədbirlərindən faydalanması ilə bağlı da mövzular aktuallığını qoruyur.

Açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Əli Məsimli ölkə başçısının məlum Sərəncamından irəli gələrək atılan addımlara diqqəti çəkib.

O qeyd edib ki, dövlət başçısının Sərəncamı ilə bu ilin yanvarından minimum əməkhaqqının, fevral ayından isə minimum pensiyaların artırılmasını nəzərdə tutulub: “Artıq bu artımlar həyata keçirilib. Bundan əlavə həmin Sərəncamla müavinət və təqaüdlərin də artırılması məsələsi əksini tapıb. Bu istiqamətdə təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə üç ay müddət verilmişdi. Bu il martın 23-də həmin müddət başa çatıb. Ona görə də yaxın vaxtlarda sözügedən Sərəncamın müavinətlərə aid hissəsinin reallaşdırılması istiqamətində addımlar atılacaq”.

Komitə üzvü hansı müavinətlərin artırılması məsələsinin isə veriləcək qərarda əksini tapacağını söyləyib: “Cəmiyyətdə bu istiqamətdə gözləntilər var. Əsas gözləntilər isə veteran pulu adlandırılan, qazilərə verilən 80 manatlıq aylıq ödənişin artırılması ilə bağlıdır. Həmçinin qocalıq müavinəti adlandırılan, yaşa görə pensiyanın artırılması da aktualdır. Veteranlara ödənilən vəsaitin artırılması ilə bağlı Milli Məclisdə də təkliflər verilib. Çünki 80 manat həddi müəyyən edildikdən keçən zaman kəsiyində bütün sahələrdə qiymət artımı olub. Kommunal xidmətlərin tariflərində də artım baş verib. Həmin artımlardakı itgiləri kompensasiya etmək üçün veteran pulunun ən azı iki dəfə artırılması məqsədə uyğun olardı”.