Qazaxıstanlı nazirlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olublar – Foto

0
746

Qazaxıstan Respublikasının Mədəniyyət və İdman naziri xanım Aktotı Raimkulova, Təhsil və Elm naziri Asxat Aymaqambetov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.

ADMİU-dan bildirilib ki, universitetin rektoru, professor Ceyran Mahmudova qonaqlara Azərbaycanın zəngin mədəniyyəti, ölkəmizin təhsil sistemi, o cümlədən rəhbərlik etdiyi ali məktəbin tarixi, bugünkü vəziyyəti və strukturu barədə məlumat verib. ADMİU-nun fakültələri və ixtisaslar haqqında danışan rektor qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin incəsənət təmayüllü ali təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsi universitetin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Rektor Qazaxıstanın sənətlə bağlı əsas ali təhsil ocaqları ilə ADMİU-nun əməkdaşlıq etdiyini, qazaxıstanlı tələbələrin mütəmadi şəkildə universitetdə elmi təcrübə keçdiklərini qeyd edib.

Görüşdə Azərbaycanın türkdilli dövlətlər arasında bütün fəaliyyət sferalarında, o cümlədən mədəniyyət, incəsənət, elm və təhsil sahələrində sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

Qonaqlar Qazaxıstanın Azərbaycanı hər mənada dəstəklədiyini, hər iki ölkənin daim inkişaf etdiyini qeyd edərək, görüşdən məmnun qaldıqlarını, bundan sonra əlaqələrin daha da sıx şəkildə inkişaf etməsi, birgə layihələrin baş tutması üçün əllərindən gələni edəcəklərini bildiriblər. Daha sonra rektor qonaqları universitetin binası, tədris və yaradıcılıq prosesi ilə tanış edib.

Universitetin Vernisaj zalında nümayiş olunan xalça və qobelen sərgisi qazaxıstanlı nazirlərin xüsusi marağına səbəb olub. Nazirlər sərgidə nümayiş olunan işlərlə yaxından maraqlanıb, ADMİU-nun tələbələrinin əl işi olan qobelen nümunələrinə heyran olduqlarını bildiriblər.

Qonaqlar görüşdən, universitetlə tanışlıqdan məmnun qaldıqlarını bildirərək kollektivə uğurlar arzulayıblar.