Qazaxıstandakı etiraz hərəkatının lideri üzə çıxdı

0
412

Qazaxıstanda “Bank Turan Alem” ASC-nin (BTA Bank) keçmiş rəhbəri, hazırda xaricdə gizlənən Muxtar Ablyazov özünü Qazaxıstandakı etiraz hərəkatının lideri adlandırıb.

Ablyazov qeyd edib ki, Almatıdakı etirazçılar hər gün ondan necə davranacağını soruşurlar.

O, həmçinin elan edib ki, etiraz aksiyası doğru istiqamətdə gedərsə, “müvəqqəti hökumətə” rəhbərlik etmək üçün Qazaxıstana qayıdacaq.

Parisdə müsahibə verən bankir etirazları koordinasiya etmək üçün Qərb ölkələrindən vəsait almadığını da əlavə edib. Eyni zamanda, Ablyazov respublikanın Rusiya ilə yaxınlaşmasının qarşısını almaq üçün Qərb dövlətlərini Qazaxıstanda baş verənlərə müdaxilə etməyə çağırıb.

Qeyd edək ki, Ablyazova qarşı Rusiya, Qazaxıstan və Ukraynada cinayət işi başlanıb. O, bir sıra cinayətlərdə, o cümlədən dələduzluqda, saxtakarlıqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Qazaxıstanda ona qarşı 2009-cu ildə cinayət işi başlanıb, bundan sonra bankir ölkədən qaçıb və İnterpol tərəfindən beynəlxalq axtarışa verilib.