Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki, respublikanın bütün regionlarında konstitusiya quruluşu bərpa olunub və vəziyyətə yerli hakimiyyət orqanları nəzarət edir.
Bu barədə Tokayevin mətbuat xidməti Terrorla Mübarizə üzrə Qərargahın iclasında məlumat yayıb.
“Antiterror əməliyyatı başlayıb. Hüquq-mühafizə orqanları ciddi işləyir. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu böyük ölçüdə bərpa olunub. Yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir. Lakin terrorçular silahdan istifadə etməkdə və əmlaka ziyan vurmaqda davam edirlər. Ona görə də terrorla mübarizə tədbirləri silahlılar tamamilə məhv edilənə qədər davam etdirilməlidir” – Qazaxıstan prezidentinin yaydığı məlumatda qeyd olunur.
Terrorla Mübarizə üzrə Qərargahın iclasında Qazaxıstanın daxili işlər və müdafiə nazirlərinin səlahiyyətli nümayəndələri, həmçinin Milli Təhlükəsizlik Komitəsinin sədri iştirak edib.
“Təhlükəsizlik orqanlarının rəhbərlərinin bildirdiyinə görə, KTMT-nin vahid sülhməramlı kontingentinin bölmələri nizam-intizamın yaradılmasına kömək etmək üçün Qazaxıstana gəlməyə başlayıb. Bu kontingent məhdud müddətə əsasən, hərbi əməliyyatları əhatə etmək və təmin etmək funksiyalarını yerinə yetirmək üçün gəlib” – üç qurumun birgə açıqlamasında bildirilir.