Azərbaycanda martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində Nazirlər Kabinetinin yanında Operativ Qərargah əhaliyə evdə qalmağı tövsiyə edib. Bu tövsiyə qaz və işıq limitinin ləğv olunmasını gündəmə gətirir. Qaz və işıqla bağlı limit 2016-cı ildən tətbiq edilir. Əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan qiymət 7 qəpik səviyyəsində, aylıq istehlak həcmi 300 kilovat-saatdan çox olan qiymət isə 11 qəpik səviyyəsində müəyyənləşdirilib.
Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılara bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində, illik istehlak həcminin 1700 kubmetrdən çox olan istehlakçılar üçün isə 20 qəpik səviyyəsində müəyyənləşdirilib. Tarif Şurasının 2019-cu il 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılmışdır. Əgər istehlakçı il ərzində müəyyən olunmuş limitdən artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün hər 1 kubmetr 20 qəpik olmaqla hesablanır. Aydındır ki, indiki vəziyyətdə evdən çölə çıxmayan insanlar kommunal xidmətlərdən daha çox istifadə edirlər. Bu da tətbiq olunan limiti aşaraq əhaliyə artıq xərc yaradır. Nəzərə alsaq ki, koronavirusla mübarizə çərçivəsində tətbiq edilən qaydalar həm sahibkarların, həm də günəmuzd işləyən şəxslərin gəlirlərini azaldıb, kommunal xərclərdə güzəştə getmək əhali üçün sevindirici olar.
Qaz limitinin aradan qaldırılması üçün önəmli iqtisadi əsaslar var. SOCAR ilə BP şirkətləri arasında imzalanmış sazişə əsasən, istənilən xam neft kəşfindən hasil edilən təbii səmt qazının emal üçün istifadə edilməyən hissəsi ən yaxın SOCAR məntəqəsinə pulsuz çatdırılır. 2019-cu il ərzində SOCAR-a pulsuz şəkildə verilən səmt qazının həcmi 2,1 mlrd. kubmetr olub. Həmçinin ölkəmizdə hasil olunan qazın miqdarı 2016-cı ilə nisbətən artıqdır. 2019-cu il yanvar-noyabr ayları ərzində Azərbaycanda 32 182,3 mln. kubmetr qaz hasil edilib. 2018-ci ildə qaz hasilatı 30 490 mln. kubmetr olmuşdur. Həm səmt qazının BP şirkəti tərəfindən SOCAR şirkətinə pulsuz şəkildə verilməsi, həm də qaz hasilatının artımı qaz limitinin aradan qaldırılmasına imkan yaradır.
Trans Adriatik Boru Xətti – Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra Qərbi Avropaya nəql edəcək boru xətti proyektidir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. 2019-cu il iyunun sonuna Trans-Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 90 faizə yaxını tamamlanıb. TAP boru kəmərinin bu il istismara verilməsi planlaşdırılır. Bu boru kəmərinin istifadəyə verilməsi nəticəsində ölkəyə daxil olan valyutanın həcminin artacağı zaman əhaliyə satılan qazın qiymətində güzəştin tətbiq edilməsi və ya tətbiq edilən limitin ləğvi mümkündür. Limitin ləğv edilməsi büdcə üçün böyük məbləğ deyil. Bu fikri keçmiş illərdə bəzi deputatlar səsləndiriblər. Limitin ləğv edilməsi sosial baxımdan əhəmiyyətlidir. Belə ki, limitin ləğvi əhalinin bu istiqamətə yönəltdiyi xərclərinin azalmasına və sosial təminatının yaxşılaşdırılmasına xidmət edəcək. İqtisadi cəhətdən isə bu limitin ləğvi dövlət tərəfindən itki olmayacaq.
Şahin Quliyev, iqtisadçı təhlilçi