Qaz sayğaclarının uzaqdan oxunmasına start verilib – FOTO/VİDEO

0
325

Təbii qaz sayğaclarının uzaq məsafədən oxunma cihazları Azərbaycana gətirilib.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, ilkin olaraq bu cihazlar çoxmərtəbəli binaların mənzillərinin çöl eyvanlarında olan qaz sayğaclarında quraşdırılıb.

Beləliklə, abonent ilə Birliyin nəzarətçilərinin təması minimuma enəcək və sayğac oxunmalarında operativlik təmin ediləcək.

Bu cihazların alınmasına dair aparılan danışıqların yekunu olaraq Türkiyənin “Atlas sayğac və ölçü cihazları” şirkətinin təkliflərinə üstünlük verilib. 

Qeyd edilib ki, mexaniki sayğacların göstəricilərinin fiziki olaraq oxunuşu üçün xeyli sayda nəzarətçi işə cəlb olunur. Bu baxımdan işin səmərəliliyinin artırılması məqsədilə, qərara alınıb ki, abonentlərin istifadəsində olan mövcud mexaniki sayğaclara əlavə onlayn nəzarət cihazları yerləşdirilsin. Radiodalğa ötürücüləri ilə çalışan cihazlar imkan verir ki, uzaq məsafədən nəzarətçi fərdi yaşayış evinə yaxınlaşmadan səyyar terminalla mexaniki sayğacın məlumatlarını bir neçə dəqiqə ərzində oxuyaraq mərkəzi bazaya ötürsün. Mexaniki sayğac öz funksiyasını əvvəlki kimi yerinə yetirir. Bu cihazlar fiziki müdaxilə olmadan uzaqdan idarəetmə ilə borclu abonentin mexaniki sayğacının klapanının bağlanmasına da şərait yaradır.

Onlayn nəzarət cihazları mexaniki sayğacların göstəricilərinin ilin sonunda tam vaxtında oxunmasını təmin edəcək. Yəni aşağı tarifli güzəştli limitlə bağlı keçid dövrünü smart-kart tipli sayğaclarda olduğu kimi mexaniki sayğaclarda da eyni vaxtda – hər il dekabrın 31-də tənzimləmək üçün şans yaranır.