Qaz sayğacları ilə bağlı əhaliyə – Vacib xəbərdarlıq

0
473
Qaz sayğacları ilə bağlı əhaliyə -  Vacib xəbərdarlıq“Azəriqaz” İstehsalat Birliyi vətəndaşların işbazlara aldanmaması üçün müraciət edib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov açıqlamasında bildirib ki, bəzi işbazlar smart tipli sayğacları oğurlayıb, əhalinin az yaşadığı ərazilərdə satırlar:

“Bir müddət əvvəl İB-nin Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən NZS qəsəbəsində smart tipli qaz sayğaclarının olmanması aşkarlandı. Araşdırma aparıldı və məlum oldu ki, o sayğaclar orada hansısa işbazlar tərəfindən quraşdırılıb.

Onlar başqa ərazidən sayğacları oğurlayıb, burada quraşdırıblar. İşbazlar sayğaclara müdaxilə edib, insanlar qazdan istifadə ediblər. Hər ay gəlib, vətəndaşdan razılaşdığı məbləği alıblar. İnsanları hər dəfə bir bəhanə ilə aldadıblar ki, yaxın vaxtda kartınızı verəcəyik. Nəticədə, vətəndaşa kart verilməyib.

Çünki hər bir sayğaca görə abonentə bir kart kodlaşdırılır. Belə hal aşkarlanandan sonra əraziyə müdaxilə etdik. Araşdırma aparılarkən müəyyən faktlar üzə çıxdı. Sayğacın hər birinin mərkəzi bazada öz kodu, nömrəsi var. Bu sayğaclarının bir qismi vaxtilə ayrı-ayrı ünvanlardan oğurlanan smart tipli qaz sayğacıdır”.

İB rəsmisi vətəndaşları diqqətli olmağa çağırıb:

“Onları aldatmağa çalışan işbazlar olarsa, o zaman hüquq-mühafizə orqanlarına məlumat versinlər. Bu yaxınlarda bu tip qaz sayğacı oğruları cinayət məsuliyyətinə cəlb edildilər. Qaz sayğacını oğurlayan Suraxanı və Nəsimi rayon sakinləri üç il müddətinə azadlıqldan məhrum olundular.

Bu insanlar 2018-2019-cu illərdə üç qəsəbədə – Qala, Şüvəlan,Türkanda yerləşən evlərdən 93 qaz sayğacı oğurlayıblar. Hesab edirik ki, belə halların ifşa olunması, bu işlə məşğul olanların fikrində dönüş yaradacaq”.