Qaz limiti ilə bağlı “Azəriqaz”dan açıqlama

0
519

SMART TİPLİ SAYĞACLARDA DEKABR AYININ 31-İ SAAT 00:00-DA QAZ LİMİTİ SIFIRLANACAQ. Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

O bildirib ki, sıfırlanmadan sonra smart tipli sayğaclardan istifadə edən abonentlər üçün limit 2 200 kubmetr olacaq:

“Ancaq mexaniki sayğaclarda limitin sıfırlanması dekabr ayının 31-i baş tutmayacaq. Buna səbəb sözügedən sayğacların təsnifat dövrünün ayın 5-dən 5-nə olmasıdır. Bir sözlə, mexaniki sayğaclardan istifadə edən abonentlərdə qaz limiti yanvar ayının 5-də sıfırlanacaq və sayğaclara 2 200 kubmetr limit tətbiq ediləcək”.

Xatırladaq ki, bu il aprelin 30-da Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib.

Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2 200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2 200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanacaq.

Onu da əlavə edək ki, qaz sayğaclarında limitin artırılma prosesi mayın 1-dən nəzərdə tutulsa da, mayın 10-dək işlər tamamlanmışdı.