Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə – X YAZI

0
612

Buludxan Xəlilov, filologiya üzrə elmlər doktoru, professor

Nizamülmülkün “Siyasətnamə” əsərində qeyd olunur ki, Sasanilər sülaləsinin darmadağın olunması səbəblərini Büzürcmehrdən belə soruşmuşlar: “Nə səbəbə Sasanilər sülaləsi darmadağın oldu, sən onun məsləhətçisi idin, hələ indi də ağılda, tədbirdə, bilikdə dünyada sənin tayın yoxdur?” Büzürcmehr demişdir: “İki səbəbi var idi. Biri bu idi ki, Sasanilər böyük işləri uşaq-muşaq və nadan adamlara tapşırmışdılar, ikincisi o idi ki, elm adamlarının,  təcrübə  sahiblərinin  qədir-qiymətini  bilmirdilər. İşləri arvad və uşaqların öhdəsinə buraxmışdılar, bunların hər ikisində də ağıl və bilik olmaz. Elə ki, iş arvad və uşaq-muşağa düşdü, bil ki, şahlıq o xanədanın əlindən çıxacaqdır”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 148).

Şərq aləmində qadının zahirən gözəl olmasına yox, bakirəliyinə, mehriban olmağına, ev dolandırmağı bacarmağına, yaxşı ailədən olmağına, ağla-kamala malik olmasına daha çox üstünlük verilmişdir. Kişilərin özlərindən daha adlı-sanlı arvad almaları məsləhət bilinməmişdir. Bu barədə “Qabusnamə”də belə bir misal var: İsgəndərdən soruşurlar ki, “Nə üçün Daranın qızını arvadlığa götürmürsən, o ki çox gözəldir?” İsgəndər cavab verir: “Çox çirkin olar ki, biz bütün dünyaya əmr verdiyimiz halda, arvad bizə hökm etsin”.

(Qabusnamə. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1989, s. 113).

Nizamülmülkün “Siyasətnamə”sində isə belə yazılır: “… İsgəndər Rumdan gəlib, əcəm şahı Dara oğlu Daranı məğlub etdikdən, Dara qaçmağa məcbur olduğundan və öz xidmətçilərindən biri tərəfindən öldürüldükdən sonra ondan bir qız qalmışdı. Həddən artıq gözəl idi. Bacısı, eləcə də onun ailəsindən olan bir neçə saray qızının hamısı gözəl və qəşəng idilər.

İsgəndərə dedilər: “Bəlkə Daranın Şəbistanına gedib oradakı pəri kimi ayüzlülərə, xüsusilə gözəllikdə misli olmayan qızına tamaşa edəsən?” Bunu deyənlərin məqsədi o idi ki, İsgəndər Daranın qızını görüb ona evlənsin.

İsgəndər dedi: “Mən onların kişilərini məğlub etmişəm, yaxşı olmaz ki, qadınları bizi məğlub etsin”. Razılıq vermədi, Daranın Şəbistanına getmədi”.
(Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 148).

Təsadüfi deyildir ki, oğuzların ailəsində, məişətində qadına bəslənən saf, səmimi duyğuları ərlər, ərənlər bir şərqi şəklində söyləmişlər. Xanlar, bəylər, ərənlər və ərlər qadını başının baxtı, evinin taxtı, həyatının dirəyi saymışdır. “Kitabi-Dədə Qorqud” dastanındakı bir parçaya diqqət yetirək. Məs.:

Bəri gəlgil, başım baxtı, evim taxtı,

Evdən çıxıb yürüyəndə sərvi boylum.

Topuğunda sarmaşanda qara saçlım!

Qurulu yaya bənzər çatma qaşlım!

Qoşa badam sığmayan dar ağızlım!

Küz almasına bənzər al yanaqlım!

Qadınım, dirəyim, döləyim!

“Kitabi-Dədə Qorqud”da qadınlar dörd cür təsnif olunur: Birisi solduran soydur, birisi dolduran toydur, birisi evin dayağıdır, birisi bayağıdır.

Ana-qadın türklərdə həmişə uca tutulmuşdur. Ana haqqı tanrı səviyyəsində tutulmuşdur. Bu cəhət “Kitabi-Dədə Qorqud” dastanında olduqca ibrətamizdir: “Ana haqqı, tanrı haqqı deyilməsəydi, qalxubanı yerimdən turaydım, yaxanla boğazından tutaydım”, “Ana haqqı, tanrı haqqı olmasaydı, qara polad üz qılıncım tutaydım, qafillicə görklü başın kəsəydim”.

Türk babalarımıza görə, namuslu bir qadınla evlənən kişinin dünyaya gələn övladının tərbiyəsi ilə həmin namuslu qadının özü məşğul olmalıdır. Türklərdə övladın tərbiyəsinə xüsusi diqqət yetirilmişdir. Övladın gələcəkdə xoşbəxt olmasının əsasını tərbiyədə axtarmışlar. Və belə demişlər:

Sənin ay üzlü oğlun-qızın doğulsa,

Evində tərbiyə ver, başqa adama tapşırma.

Yaxşı və təmiz bir südanası tap,

Uşaqlar sağlam böyüyər, uzun ömürlü olarlar.

Oğul-qıza bilik və ədəb öyrət,

Hər iki dünyada onlara xeyri dəyər.

Oğluna qız al, qızını ərə ver,

Ömrünü dərdsiz keçir, ey xoşbəxt ər.

(Yusif Balasaqunlu. Qutadqu bilik – xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 334).

Oğlanın tərbiyəsi ilə qızın tərbiyəsinə verilən tələblər fərqli olmuşdur. Məsələn, oğlan uşağının necə tərbiyə ediləcəyi belə bəyan olunmuşdur:

Oğula bütün ərdəmləri öyrət.

Gələcəkdə bu ərdəmlər sayəsində varlı olsun.

Oğulu avara gəzməyə qoyma,

Avara hər yana gedər, yazıq olar.

(Yusif Balasaqunlu. Qutadqu bilik – xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 334).

Qız uşağının tərbiyəsinə daha məsuliyyətlə yanaşılmış, onun tərbiyəsinə daha ciddi diqqət göstərilmiş və qayğıya daha çox ehtiyacı olan nəcib övlad kimi hörmətlə, ehtiramla xatırlanmışdır. Dilimizdəki “Qız uşağı kəsik olar” atalar sözünün məzmunu paralel olaraq aşağıdakı nümunələrlə də təsdiq olunur.

Qızı evdə uzun zaman saxlama,

Yoxsa peşmançılıq səni öldürər.

Ey dost-yoldaş, sənə qəti bir söz deyim,

Qız doğulmasa, doğulsa da, yaşamasa yaxşıdır.

Əgər doğulsa, ona yerinin torpağın altı,

Evinin qəbrə qonşu olması yaxşıdır.

(Yusif Balasaqunlu. Qutadqu bilik – xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 335).

Qızın zərif, incə, nəcib olduğunu və buna görə də həmişə qayğıya ehtiyacı duyduğunu Oğuz babalarımızın yaratdıqları “Oğuznamə” də təsdiq edir:

Qızlar tez böyür.

Qonşu qızı gülənclü olur.

Qız oqutmaq güc olur.

Qızım kimi sevirsə, güyəgüm oldur.

Kimin kim qızı var,

Belində önəlməz sızı var.

Həm göydə nəhs yıldızı var.

(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 147, 150, 151, 171).

Türkün hikmət xəzinəsində dəyərli yerlər və bu yerləri fəth edən aqillər az deyildir. Belə aqil və idrak sahibləri içərisində Əhməd Yəsəvinin yeri də xüsusidir.

Əhməd Yəsəvinin şeirləri “hikmət” adı ilə türk təsəvvüf ədəbiyyatının ən əski nümunələrindən sayılır. Bu hikmətləri Əhməd Yəsəvinin yaratdığı təriqətin nümayəndələri qələmə almışdır. Sonralar bu hikmətlər kitab halına salınmışdır. “Divani-hikmət” didaktik bir əsər olmaqla Qaraxanlı türkcəsiylə söylənilmişdir. Və Qaraxanlı türkcəsinin xaqaniyyə ləhcəsində yazılmışdır.

Əhməd Yəsəvinin “Divani-hikmət”ində toplanmış hikmətlərin bir qismi onun özünün yazdığı, digərləri isə onun adından təriqət tərəfdarlarının yazdıqlarıdır.

Belə hesab olunur ki, “Divani-hikmət”in elm aləminə məlum olan ən qədim yazılı variantı XVIII əsrdən əvvələ getmir. (bax: Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bəzi problemləri. Bakı, 1997, s. 65).

Əhməd Yəsəvi öz hikmətlərini türkcə söyləməklə türkcəni daha yüksəkliklərə qaldırmağa çalışmışdır. O, fars dilini bilməsinə baxmayaraq, türk dilinə üstünlük vermiş və farscanın meydan aldığı dövrdə türkcənin imkanlarını da yüksək qiymətləndirmişdir.

SON …