Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu gecədən başlayacaq sərtləşdirilmiş karantin rejimi müddətində qayda pozanların necə müəyyən ediləcəyi ilə bağlı açıqlama verib.
“Karantin rejiminin sərtləşdirildiyi 4 şəhər 1 rayonda polis naryadları xidmət aparacaqlar. Tək Dövlət Yol Polisi deyil, Daxili İşlər orqanlarının əməkdaşlarından ibarət, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları da mütəmadi olaraq sutka ərzində xidmət aparacaqlar. Aydın məsələdir ki, qaydanı pozan şəxs aşkarlanarsa, qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb olunacaq.
Bundan başqa, DİN-in istifadəsində olan kifayət qədər xüsusi texnika və müşahidə kameraları var ki, onların vasitəsilə bu qaydaları pozan şəxslərin aşkarlanması mümkündür. Kimsə düşünməsin ki, mənim yaşadığım əraziyə polis naryadı gəlməyə bilər, mən məhəlləyə çıxa, öz avtomobilimlə qohum-tanışın evinə gedib-gələ bilərəm. Nəzərə almaq lazımdır ki, bu gün Bakı şəhərinin artıq 80%-i kamera və xüsusi texnika ilə təmin olunub və onların vasitəsilə istənilən qayda pozuntusunu aşkar etmək mümkündür”.