Qaxın dağ çaylarında yeni bəndlər inşa edilir

0
641

Qax rayonunun yaşayış məntəqələrini və əkin sahələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir. Cari ilin ötən dövründə çay sahillərində ümumi uzunluğu 430 poqonmetr daş-beton bəndlər tikilib, 671 kubmetr həcmdə qabion bəndlər quraşdırılıb.

Bu barədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qax rayon Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov məlumat verib.

İdarə rəisi bildirib ki, İbaxlı kəndinin və əkin sahələrinin sel sularından etibarlı mühafizəsi üçün cari ildə Kürmük çayının sol sahilində ümumi uzunluğu 280 poqonmetr, həmçinin Əlibəyli kəndinin mühafizəsi üçün Kürmüyün sağ sahilində 50 poqonmetr uzunluğunda daş-beton bəndlər inşa edilib. Eyni zamanda, İlisu kəndinin mühafizəsi üçün bu il Kürmük çayının sol sahilində hər birinin uzunluğu 100 poqonmetr və hündürlüyü 7 metr olan 3 bəndin tikilməsi də nəzərdə tutulub. Bu bəndlərdən birinin tikintisi artıq başa çatıb. Hazırda ikinci bənddə tikinti işləri davam etdirilir. Bəndin 40 metrlik hissəsində işlər artıq yekunlaşıb. İlin sonunadək həmin ərazidə üçüncü bəndin tikintisi də nəzərdə tutulur.

Qurum rəsmisinin sözlərinə görə, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə cari ilin ötən dövründə suvarma kanallarında 157 min kubmetr həcmdə lildən təmizləmə işləri aparılıb. Eyni zamanda, 800 metr uzunluğunda yeni dəmir-beton suvarma kanalları çəkilib. Ötən dövrdə rayon ərazisindən axan çaylarda sel sularından mühafizə məqsədi ilə 359 min kubmetr həcmdə məcra təmizləmə işləri də görülüb.