Son iki gün ərzində müşahidə edilən qarlı hava şəraitində bəzi regionlarda internet problemi yaşanıb. Vətəndaşlar bu barədə sosial şəbəkələrdə də paylaşım ediblər.
Məlumatlara görə, internetlə bağlı problem bəzi bölgələrlə yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonunun bir hissəsində müşahidə edilib.
İddia edilən problemin lokal, yoxsa ümumi olduğunu dəqiqləşdirmək üçün aidiyyəti qurumlara sorğu ünvanladıq.
“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-dən verilən cavabda qeyd edilib ki, müvafiq olaraq sabit telefon və internetin işində çətinliyin yaranması ilə bağlı kütləvi müraciət daxil olmayıb.
“Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, “Aztelekom” MMC abunəçilərindən 170, “Bakı Telefon Rabitəsi” MMC abunəçilərindən isə 155 Çağrı mərkəzlərinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq”, – məlumatda qeyd edilib.