Tamaşa bəstəkarın 100 illik yubileyinə həsr olunur.
Balet həyatda bir çox çətinliklər və ədalətsizliklərlə qarşılaşan balaca Tutunun – Qaraca qızın bədbəxt taleyindən bəhs edir. Üzləşdiyi bütün çətinliklərə baxmayaraq Qaraca qız insanlara olan sonsuz məhəbbətini, sədaqət və xeyirxahlıq kimi hissləri qoruyub saxlayır.
Gözəl musiqi, əlvan kostyumlar və dekorasiyalar, orijinal quruluş heç şübhəsiz ki, uşaqlar və onların valideynlərini çox sevindirəcəkdir.
Tamaşada Azərbaycan Respublikasının Əməkdar artisti Cəmilə Kərimova (Qaraca qız), solistlərdən Yuliya Ferştandt (Ağca qız), Timur Oduşev (Pərviz bəy), Liana Mirabdullayeva (Yasəmən), İslam Məmmədov (Yusuf), Faiq Qubatov (Piri baba) və b. ifa edəcəklər.
Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Samir Səmədov, dirijoru A.Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur.