İran Azərbaycan ilə bütün sahələr üzrə əməkdaşlıq əlaqələrini daha da dərinləşdirməkdə maraqlıdır.
Bu sözləri İran İslam Şurası Məclisinin (parlament) beynəlxalq siyasət və milli təhlükəsizlik üzrə komitəsinin rəhbəri Müctəba Zünnuri Azərbaycana etdiyi səfəri başa vurduqdan sonra yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır. Azərbaycanın Qarabağı işğaldan azad etməsi regionda yeni vəziyyətin yaranmasına səbəb olub. Bu vəziyyət iki qonşu və dost dövlətin iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin genişlənməsinə imkan yaradıb və bu imkandan istifadə etmək lazımdır. İqtisadi sahədə əməkdaşlıq tərəflərin xalqlarının mənafeyinə uyğundur.
M. Zünnuru nəzərə çatdırıb ki, Bakıda və Naxçıvanda keçirdiyi görüşlər çox əhəmiyyətlidir. Parlamentlərarası dostluq qruplarının işi intensiv xarakter alacaq ki, bu da qarşılıqlı əlaqələrin inkişafına xidmət edəcək.
Parlamentin üzvü onu da qeyd edib ki, işğaldan azad olunan Qarabağın bərpasında İran şirkətləri iştirak etməyə hazırdır. Buradakı məscidlərin, tarixi və dini abidələrin bərpası üçün İran şirkətləri böyük təcrübəyə malikdir.