“Qarabağda yaradılan sənaye parklarında rezidentlərə əlavə güzəştlərin verilməsi nəzərdə tutulur” – AÇIQLAMA

0
239

“Qarabağda yaradılan sənaye parklarında (Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) rezidentlərə əlavə güzəştlərin verilməsi nəzərdə tutulur”.

bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda çıxışı zamanı bildirib.

O deyib ki, əsasən 4 istiqamət – xüsusi güzəştli bank kreditlərinin təmin olunması, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərin endirimli tariflə təklif edilməsi və xammal idxalında gömrük və/və ya ƏDV üzrə güzəştlərin tətbiq edilməsi istiqamətində işlər görülür:

“Hazırda sənaye zonaları ümumilikdə 1202 hektar ərazini əhatə edir. Ümumilikdə indiyədək sənaye zonalarında 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, bunlardan da 60-ı artıq fəaliyyət göstərir. Sənaye zonalarında ümumilikdə 10 mindən çox insan daimi işlə təmin edilib. Sənaye zonalarınnda əgər 2015-ci il ərzində 271 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin birinci yarısında 1,3 milyard manatlıq məhsul istehsal edilib. İndiyədək sənaye zonalarında istehsal olunan məhsullar dünyanın hər bir yerinə Amerika, Asiya, Afrika qitələrinə, Avropa və MDB ölkələrinə, ümumilikdə 50-dən çox ölkəyə göndərilib”.

Qeyd edək ki, agentlim dövlət başçısının 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fərmanı ilə yaradılıb. İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ölkədə fəaliyyət göstərən 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir”.