Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində koronavirus pandemiyasının geniş yayıldığı dolayısı ilə etiraf olunub.
Qondarma rejim koronavirusa görə bu gündən “fövqəladə vəziyyət” elan edib.
Qarabağ separatçılarının lideri Saakyan fövqəladə vəziyyət rejiminin 12 apreldən 12 maya qədər davam edəcəyini bildirib.
Buna baxmayaraq, “prezident seçkisinin” ikinci turu 14 apreldə keçiriləcək.
Qeyd edək ki, bundan öncə seçki oyununun baş tutması üçün qondarma rejim işğal altında saxlanılan bölgəmizdə koronavirusa yoluxma halının olmadığını qətiyyətlə bildirirdi. 31 martda oynanılan “seçki” komediyasından sonra isə bir nəfər şəxsin koronavirusa yoluxduğu və onun İrəvana aparıldığı açıqlandı.
Hazırda isə Qarabağda 5 yoluxma halı olduğu etiraf edilib.
Ermənistan ordusunda, o cümlədən Qarabağda qanunsuz olaraq yerləşdirilən hərbi hissələrdə də əsgərlər arasında koronavirusa yoluxma halının geniş yayıldığı barədə erməni blogerlər məlumat yayırlar.
Zəruri olaraq xatırladaq ki, erməni separatçıları və Paşinyan Qarabağda yaşayan ermənilərin həyatını təhlükəyə ataraq, koronavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq, “seçkiləri” təxirə salmadılar.
Beynəlxalq qurumlar və dünya dövlətlərinin əksəriyyəti isə qondarma seçkiləri tanımadıqlarını rəsmən elan etdilər.