Qarabağa hansı ermənilər qayıda bilər? – Bu şəxslərə şans tanınmayacaq

0
178

Bu məsələ, doğrudan da, mürəkkəbdir. Lakin bir dəyişilməz həqiqət var ki, qaytarılma prosesi yalnız 1990-cı illərədək Qarabağda yaşayan ermənilərə şamil ediləcək. O da bir şərtlə ki, Azərbaycan vətəndaşlığını qəbul edib, qanunlarımıza tabe olsunlar. Qarabağı tərk edən digər ermənilərə isə şans tanınmayacaq.

Bu fikirləri açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə bildirib.

Vəlizadə deyib ki, Qarabağa sonradan hansısa ölkədən köçürülmüş, yəni “gəlmə” ermənilər böyük əksəriyyət təşkil etsə də, onların reinteqrasiyasından söhbət gedə bilməz.

“Münaqişədən qabaq Qarabağda təqribən 30-40 min erməni yaşayıb. Həmin ermənilərin də uşaqları, nəvələri və s. artıq çoxdan regionu tərk edərək, başqa ölkələrə köçüblər. Hesab etmirəm ki, onlar qayıtmaq niyyətində olsunlar.

Hansılarının Qarabağda mülkləri, əmlakları varsa, bəlkə də, nə vaxtsa qayıtmağı düşünərlər. Buna o kəslərin yoxsulluqdan əziyyət çəkmələri də səbəb ola bilər. Konkret olaraq isə cəmi bir neçə min erməninin Qarabağa qayıdacağını təxmin etmək olar”, – ekspert qeyd edib.

İ.Vəlizadəyə görə, Qarabağı tərk edən ermənilərə qayıtmaları barədə müraciət müddətli xarakter daşıyacaq:

“Onlar qərar verməlidirlər. Qoyulan müddətdə qayıtmasalar, üzlərinə bütün qapılar bağlanacaq. O şəxslərin bütün qeyri-qanuni daşınmaz əmlakları söküləcək. Çünki “Böyük qayıdış planı” çərçivəsində Qarabağ iqtisadi regionunda bərpa-quruculuq işləri görülür və həmvətənlərimiz öz evlərinə köçürülməlidir”.