Qarabağ qazisinə qarşı 16 min manatlıq dələduzluq edilib

0
321

Baş Prokurorluq məlumat yayıb

Qurbanov Əhliman Sultan oğlunun vətəndaşa qarşı qanunsuz hərəkətlər etməsi barədə daxil olan müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılan istintaqla Əhliman Qurbanovun 2018-ci ildə ona müraciət edən Birinci Qarabağ müharibəsi iştirakçısına özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışı vasitəsilə əlillik dərəcəsinin alınmasına köməklik göstərəcəyini yalandan vəd edərək sonuncunun 16 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə, həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında Əhliman Qurbanova 24 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.1-ci (rüşvət verməyə təhrikçilik) maddələri ilə yekun ittiham elan edilməklə, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.