“Qarabağ” Kiprdə Norveç çempionu ilə qarşılaşır

0
421

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” klubu ilə qarşılaşacaq.

Görüş neytral meydanda – Kiprin Larnaka şəhərində baş tutacaq.

Kipr Azərbaycan üçün uğurlu məkan sayılır. Düzdür, Larnaka şəhərində cəmi bir dəfə Azərbaycan təmsilçisi mübarizə aparıb. Beş il əvvəl “Qəbələ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə səfərdə “Apollon”la 1:1 hesablı bərabərliyə nail olmuşdu.

Daha çox görüşlər Kiprin paytaxtı Nikosiyada baş tutub. “Neftçi”nin 2012-ci ildə pley-offda APOEL-i 3:1 məğlub edib Avroliqanın qrupuna düşdüyü ölkə də məhz Kipr olub. Bundan başqa, ötən il “Qarabağ” iki fərqli turnirdə qarşılaşdığı APOEL-ə bir səfər görüşündə 2:1 hesabı ilə qalib gəlib. Bu ay isə millimiz Millətlər Liqası çərçivəsində Nikosiyada Kiprdən 1:0 üstün olub.

“Qarabağ” “Molde” ilə ilk dəfə üz-üzə gəlsə də, daha əvvəl Norveçin digər tanınmış klubu “Rusenborq”la qarşılaşıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 2009-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində səfərdə rəqibi ilə qolsuz heç-heçə edib, Bakıda Rəşad Sadıqovun yeganə qolu ilə qələbə qazanıb – 1:0.

Bu cütün qalibi Avroliqanın qrupuna vəsiqəni avtomatik olaraq təmin edəcək və Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo” (Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası
IlI təsnifat mərhələsi
21:00 “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Larnaka (Kipr). “AEK Arena”