“Qarabağ Futbol Klubu” ötən ili 1.1 milyon manat zərərlə başa vurub – HESABAT+FOTO

0
396

“Qarabağ Futbol Klubu” MMC 2019-cu ili 1.1 milyon manat zərərlə başa vurub. Halbuki, klub 2018-ci ildən 611 min manat xalis mənfəətlə çıxmışdı.

Ötən il Klubun əməliyyat gəlirləri 21,2 milyon manat (əvvəlki ilə nisbətən 39,6% çox), o cümlədən nümayiş hüququndan daxilolmaları 12,3 milyon manat (2,2% az), sponsorların reklam edilməsindən gəlirləri 8 milyon manat (əvvəlki il olmayıb), bilet satışından gəlirləri 495 min manat (32,6% az), sair gəlirləri isə 371 min manat (80% az) təşkil edib. Bununla yanaşı, qurum əvvəlki ildən fərqli olaraq 17 min manat maliyyə gəlirləri də əldə edib.

Hesabat dövründə Klubun xərcləri isə 22,3 milyon manat (55,1% çox), o cümlədən əmək haqqı və mükafat xərcləri 13 milyon manat (57,05% çox), əsas vəsaitlərinin amortizasiyası üzrə xərcləri 1,7 milyon manat (3,4 dəfə çox), qeyri-maddi aktivlərinin köhnəlməsi üzrə xərcləri 1,2 milyon manat (40,25% çox), sair xərcləri isə 6,5 milyon manat (35,7% çox) təşkil edib.

Bu il yanvarın 1-nə Klubun aktivləri 39.1 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 57,75% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 55,6% artaraq 12,1 milyon manata, balans kapitalı isə 50,2% artaraq 27 milyon manata çatıb.

Xatırladaq ki, “Qarabağ Futbol Klubu” 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,6 milyon manatdır.