Ermənistanda ölkəni tərk edənlərlə bağlı artıq rəqəmlər elə həddə çatıb ki, mütəxəssislər həyəcan təbili çalırlar. BMT-nin hesabatlarına əsasən, miqrasiya və təbii artımın ciddi şəkildə azalması səbəbindən 12-17 il sonra Ermənistan əhalisinin sayı 1.5 milyon nəfərə qədər azalacaq. Əgər bu gün erməni dövlətinin rəsmi əhalisi 2.9 milyon nəfərdirsə, növbəti illərdə bu sayın ciddi şəkildə azalması qaçılmaz olacaq. Əgər qlobal orta miqrasiya nisbəti 0.3 faiz ətrafında dövr edirsə, Ermənistanda bu nisbət 30 faizi çoxdan aşıb.
Rəqəmlər nə deyir?
2023-cü ildə 36 min 512 vətəndaş Ermənistan pasportu ilə ölkəni tərk edib və qayıtmayıb. Son 10 ildə isə bu rəqəm 291 min 327 nəfər təşkil edib. Təkcə 2020-ci ildə ölkəni tərk edənlərin sayı 42 min 786 nəfər olub. Son üç ildə isə turist adı ilə Ermənistanı tərk edən və bir daha geri qayıtmayanların sayı 138 min 24 nəfərdir. Ermənistan müstəqilliyini əldə etdikdən sonrakı 20 il ərzində bir milyon 200 min nəfər ölkə ərazisini tərk edib. Bu, əhalinin 33 faizi deməkdir. Maraqlıdır ki, yaşadığı yeri birdəfəlik tərk edən ermənilər arasında cavanlar və əmək qabiliyyəti olan şəxslər üstünlük təşkil edir. Hələ 2010-cu ildə ABŞ-nin Gallup İnstitutu keçmiş SSRİ respublikaları arasında sorğu keçirib. Məlum olub ki, Ermənistanın hər 1000 nəfərinin 40 faizindən çoxu ölkəni daimi olaraq tərk etməyə, başqa dövlətdə yaşamağa hazırdır.
Qarabağ ermənilərinin kütləvi köçü
2023-cü ilin sentyabr ayında könüllü şəkildə Qarabağı tərk edənlər Ermənistana üz tutublar. Hələ ötən ilin dekabr ayında “Demokratik konsolidasiya” partiyasının sədri Suren Petrosyan bildirmişdi ki, 17 min qarabağlı artıq Ermənistanı tərk edib. Son günlər əldə edilən məlumatlara görə isə, bu rəqəm indi 30 mindən çoxdur. Yaxın gələcəkdə bu göstəricinin artacağı gözlənilir. Sosial problemlər, daim hökumət tərəfindən incidilmə, aksiyada iştirak edən azyaşlıların belə həbs edilməsi, sosial müavinətlərin azaldılması, məskunlaşma problemi köçün əsas səbəbi kimi görülür.
Avropa və ABŞ xəyalı
Əgər yaxın illərə qədər Ermənistanı tərk edərək iş üçün başqa ölkələrə üz tutan ermənilərin 80 faizi Rusiyanı seçirdisə, bu gün Avropa və ABŞ-yə köç həvəsində olanların sayı durmadan artır. Yüz minlərlə erməni “Green Card” üçün müraciət edib. ABŞ səfirliyinə daimi yaşamaq üçün müraciət edənlərin sayı 602 min 359 nəfər olub. Bu rəqəm qonşu Gürcüstandan sözügedən lotereya üçün müraciət edənlərin sayından bir neçə dəfə çoxdur. Bu, mühacirət yox, vətəndaşların kütləvi xarakter daşıyan dövləti rəddetmə qərarıdır.
Depopulyasiyanı stimullaşdıran səbəblər
Təbii ki, erməniləri kütləvi şəkildə ölkəni tərk etməyə vadar edən müxtəlif səbəblər var. Gələcəyə əminliyin olmaması, sabahla bağlı qeyri-müəyyənliyin hər gün artması da buraya daxildir. Bu gün Ermənistanda miqrasiyaya yol açan ən böyük problemlərdən biri işsizlikdir. Əhalinin cavan təbəqəsi ciddi şəkildə işsizlikdən əziyyət çəkir. Hələ bu da az imiş kimi, sosial ədalətsizlik də sadə erməni vətəndaşını narahat edir. Eyni zamanda müəllim, sərhədçi də aldığı məvacibdən şikayətlənir. Çünki Paşinyan hökumətində ən yüksək maaş polis sistemindədir. Hökumət hər il işsizliyə qarşı ciddi mübarizə apardığı barədə yalançı rəqəmlər səsləndirsə də, bu gün Ermənistanda işsizlik rəsmi olaraq 25 faizi çoxdan ötüb.
Bundan əlavə, miqrasiyanı sürətləndirən siyasi və psixoloji səbəblər də mövcuddur. Məsələn, sorğuda iştirak edənlərin 32 faizi işsizliyə, 30 faizi gələcək perspektivlərini bu ölkədə görmədiklərinə, 20 faizi ədalətsizliyə, 17 faizi isə yaşamaq üçün heç bir şəraitinin olmadığına görə ölkəni tərk etmək niyyətində olduqlarını bildirib. Sorğuya görə, 52 faiz respondent övladlarının Ermənistanda yaşamasının qəti əleyhinə olduğunu qeyd edib.
Miqrasiya Paşinyanı niyə narahat etmir?
Maraqlıdır ki, bu tip hallar Paşinyan hökumətini ciddi narahat etmir. Çünki əgər hökumət yerli əhalini işlə təmin edə bilmirsə, onda əhalinin ölkəni tərk etməsi ən yaxşı haldır. Bu qədər problem və narazılıq fonunda işsizlər ordusunun narazılığı hökumət üçün əlavə başağrısına çevrilə bilər. Müxalifətin daim etirazlar və mitinqlərlə hədələdiyi hökumət üçün narazı təbəqənin etirazlara qoşulması arzuolunan deyil. Eyni zamanda qeyd etmək yerinə düşər ki, ölkədə qalan əhalinin, xüsusən də yaşlıların böyük hissəsi miqrantların hesabına dolanır. Təkcə rəsmi rəqəmlərə görə, hər il Rusiyadan, Avropadan və miqrantların yaşadığı digər ölkələrdən Ermənistana 2 milyard dollar göndərilir. Erməni dövlətinin büdcəsini nəzərə alsaq, bu, çox böyük rəqəmdir. Belə bir gəlir mənbəyindən imtina etmək Paşinyan hökuməti üçün çox çətindir. Bu pullar ölkədəki sosial gərginliyi azaldır. (“Kaspi” qəzeti)