Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Çempionlar Liqasında uğursuzluğa düçar olan Qurban Qurbanovun yetirmələri Avropa Liqasında mübarizəyə başlayacaq.
Kipr təmsilçisi APOEL-i keçə bilməyən (2:1, 0:2) ağdamlılar qitənin ikinci dərəcəli klub turnirində pley-offda qüvvəsini sınayacaq. Azərbaycan çempionumuz Şimali İrlandiyanın “Linfild” komandası ilə qarşılaşacaq.
İlk oyun Belfastda baş tutacaq. Öz ölkəsinin çempionu olan Böyük Britaniya təmsilçisi evdə “Qarabağ”ı büdrətməyə çalışacaq.
Q.Qurbanovun komandası favoriti olduğu cütdə işini çətinə salmamaq üçün cəzalı futbolçuları Riçard Almeyda və Rahil Məmmədovsuz uğur qazanmalıdırlar. Səfərdə məğlub olmayacağı halda, “Qarabağ” qrup mərhələsinə bir addım yaxınlaşacaq. Son 5 ildə dörd dəfə Avropa Liqasında, bir dəfə Çempionlar Liqasında qrupa düşən ağdamlılar 6-cı uğuru gerçəkləşdirmək istəyindədir.
Qeyd edək ki, Belfastdakı ilk görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Avropa Liqası
Pley-off mərhələsi
İlk oyun
22 avqust
22:45. “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Sandro Şarer
Baş hakimin köməkçiləri: Stefhan De Almeyda, Bekim Zoqay
Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)
UEFA nümayəndəsi: Mikael Salzer (İsveç)
Belfast. “Vindzor Park” stadionu