“Qara cümə” və ya “Black Friday” nə deməkdir? 5 suala cavabda

0
13

Bu gün dünyada bir çox mağazanın qiymətlərdə yüksək endirim etidyi və buna görə də müştəri izdihamının yaşandığı “Black Friday” və ya “Qara cümə” dir.

Bütün dünyada oduğu kimi, Azərbaycanda da bir çox mağazanın vitrinini “Qara cümə” fürsətini əldən buraxma”, “Super cümə endirimləri başlayır”, Əla Cümə”, “Black Friday” endirim fırtınası” kimi reklamlar bəzəyir.

Bəzən 70 faizə qədər çatan qiymət endiriminin iqtisadiyyata faydası varmı? Bu ənənə hardan başlayır? “Niyə məhz “Black Friday” (“Qara cümə”)?

BBC Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb.

“Black Friday” adı necə yaranıb?

ABŞ-da Qara Cümə zamanı müştərilərin təşvişi

Hər il noyabr ayının dördüncü çümə axşamı ABŞ-da qeyd olunan Şükranlıq bayramının sabahı, yəni cümə günü insanlar alış-verişə çıxır.

“Black Friday” ifadəsi isə ilk dəfə 1951-ci ilin noyabrında ABŞ-da “Factory Management and Maintenance” jurnalında istifadə edilib. Həmin gün bəzi yerlərdə işçilər xəstələnmə səbəbi ilə işə çıxmayıb.

Elə həmin illərdə ABŞ-da Filadelfiya polisi də şəhər mərkəzində sıxlıq səbəbindən o günü belə adlandırıb.

“Black Friday” endirimləri necə yayıldı?

İndi “Black Friday”-də endirim etmə mədəniyyətini qloballaşmanın bir parçası hesab etmək olar.

Əvvəlcə bu ənənə ABŞ-ın qonşusu Kanadaya sıçradı. Həmin vaxtlar Kanadanın ABŞ-la sərhəd ərazilərində yaşayan insanlar hər il noyabrın dördüncü cümə günündə endirimli qiymətlərdən yararalanmaq üçün qonşu ölkəyə getməyə başladılar. Sonradan isə noyabrın 4-cü cüməsində endirim ənənəsi bütün dünyaya yayılmağa başladı.

İqtisadiyyata faydası varmı?

ABŞ-da ticarət mərkəzində Qara Cümədə yığdığı malları kassaya aparan müştəri

ABŞ-ın “Salesforce” adlı şirkətinin araşdırmasına görə, ötən il dünyada istehlakçılar təkcə internet üzərindən 70,9 milyard dollarlıq alış-veriş edib. Bir il əvvəllə müqayisədə, bu, 8 faiz artım deməkdir.

Bu gün Britaniyada alış-verişin 9 milyard dolları aşması gözlənilir.

Afrikada onlayn ödəmə platforması PayU-nun məlumatına görə, keçən il noyabrın 24-də (Cümə günü) edilən ödəmələr Nigeriya, Cənubi Afrika və Keniyadakı orta günlük satışlardan 83 faiz daha çox olub.

PayU-un açıqlamasına görə, iqtisadi böhran yaşayan Argentinada belə keçən il “Black Friday”-də alış-veriş 100 faizdən çox artıb.

“Black Friday”də bəzi elan edilən endirimlər reallığı əks etdirməyə bilir. Buna görə də alış-veriş saytlarının real endirim edib-etmədiklərini öyrənmək üçün bu gündə Camel Camel Camel, SlickDeals Price Tracker ve PriceZombie kimi saytlardan daha çox istifadə olunur.

“Black Friday”in istehlakçılara daha çox pul xərclətməklə, iqtisadiyyata faydasının dəyib-dəyməməsi də müzakirə edilən mövzulardandı.

Bəzi araşdırmaçılara görə, insanlar “Black Friday”də çox pul xərclədiklərindən dekabr və yanvar aylarında daha az pul xərcləyirlər.

Yalançı endirim tələsinə düşməmək üçün mütəxəssislər nə tövsiyə edir?

Mütəxəssislər “Qara Cümə” günü yalançı endirim tələsinə düşməmək üçün müştərilərə aşağıdakı tövsiyələri verir:

  • Alış-veriş panikasına düşməyin və mal almağa tələsməyin.
  • Kampaniyaları özünüz araşdırıb müqayisə etməyə çalışın.
  • Tanış olmadığınız internet saytlarından alış-veriş edərkən iki dəfə düşünün.
  • Başqalarından məsləhət alın.
  • Əvvəlki və endirim üçün təklif edilən qiymətləri özünüz müqayisə etməyə çalışın.
  • Onlayn alış-veriş zamanı istifadəçi rəylərinə baxırsınızsa, onların saxta olmadığından əmin olun.
  • Onlayn ödənişi alış-veriş etdiyiniz platformanın özündə etdiyinizə əmin olun.

Azərbaycanda “Black Friday” hansı günlər başlayır?

Dükanın pəncərəsində görünən Qara Cümə reklamı

Azərbaycanda “Black Friday” endirimləri yalnız noyabrın son cümə gününü əhatə etmir.

Apardığımız kiçik bir araşdırmaya görə, ölkədəki bir çox mağaza noyabrın axırıncı həftələrindən başlayaraq dekabrın əvvəlinədək “Black Friday” kampaniyasına başlayır.

Endirim təklifləri bəzən 70 faizə qədər çatır. Amma bu endirimin nə qədər real olub-olmadığını müştərilər özləri əvvəlki qiymətlərlə müqayisə edərək yoxlaya bilərlər.