Qar yağdı, ölkəni bürüyən virus məhv olacaq? – Professor deyir ki…

0
145

Xalq arasında belə deyilir və inam var ki, “qar yağsaydı, xəstəlik yayan virusları dondurub öldürərdi”, “xəstəliklər azlardı” və s. və i. Böyük bir fasilədən sonra qar, nəhayət ki, qapımızı döydü. Hamını maraqlandıran isə xəstəliklərin tüğyan etdiyi bir vaxtda qarlı havanın insanların sağlamlığına necə təsir etdiyidir. Nəzərə alaq ki, insanlar arasında yeni virus xəstəlikləri, virus infeksiyası çox geniş yayılıb. Xəstəlik daha çox halsızlıq, qızdırma, şiddətli və uzun müddət davam edən öskürək, boğaz ağrısı ilə müşahidə olunur. İmmun sistemi böyüklərlə müqayisədə nisbətən zəif olan uşaqlarda xəstəlik daha ağır formada özünü göstərir.

Paytaxtı və bölgələrimizi ağuşuna alan bu “ağ qonaq” həqiqətənmi bütün xəstəlikləri “öldürür”?

Sualımızı Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqova ünvanladıq.

Professor açıqlamasında söylədi ki, bütün virus infeksiyalarının aktivləşməsi qışda baş verir. Buna görə də qarın yağması ilə xəstəliklərin azalması və ya tamamilə məhv olması həqiqətə uyğun deyil:

“Bu fəsildə yağış da, qar da, şaxta da olur. Necə ola bilər ki, qarın yağması ilə virus infeksiyaları dayansın?! Bu, mümkünsüzdür. Mənə görə, qarın yağması ilə infeksiyaların azalması absurd fərziyyələrdir. Hazırda qrip infeksiyası Azərbaycanda yoxdur. Ölkəmizdə heç hazırda yayılan virusun kütləvi şəkildə diaqnostikasını da aparmaq mümkün deyil”.

Ə.Sadıqovun sözlərinə görə, bu gün Azərbaycanda tüğyan edən infeksiya respirator sinsitial virus (RSV) infeksiyasıdır:

“Bu virus oktyabrın sonunda Qərbi Avropada başladı, dörd həftə sonra Şərqi Avropaya gəldi, noyabrın sonları, dekabrda isə artıq bizim ölkəyə çatdı. Bu, koronavirus deyil. Çünki COVID-19-un əlamətləri tamamilə fərqlidir. Hazırda yayılan infeksiya tənəffüs yolları xəstəliyi olanlarda, uşaqlarda, zəif immuniteti olan yaşlı insanlarda, yanaşı sağlamlıq problemləri olan şəxslərdə bronxit və pnevmoniya ilə nəticələnir”.

Həkim qeyd edib ki, bu infeksiyadan daha çox əziyyət çəkən xüsusilə 2-5 yaş aralığında olan uşaqlardır:

“Bu gün həddən artıq pediatik profillərin, xəstəxanaların, poliklinikaların, pediatrların yüklənməsinin bir nömrəli səbəbi uşaqlarda olan respirator sinsitial virus infeksiyasıdır. Onun da qarşısını almaq bu gün müşkül məsələdir. Hazırda effektiv tədbirimiz yoxdur, ancaq tövsiyələr verə bilirik. Yalnız vaksin epidemioloji baxımdan infeksiyanın gərginliyinin azalmasına səbəb ola bilər. Amma aşağı tənəffüs yollarının zədələnməsi nəticəsində insanlarımız əksər hallarda ağır bronxial və pnevmoniya əlamətləri ilə həkimlərə müraciət edirlər”.

Professor xəstəlikdən qorunmaq üçün tövsiyələrini qeyd edib:

“Xəstə insan evdə qalmalıdır. Lakin bu, yerinə yetirilmir. Virusa yoluxan uşaq nə bağçaya, nə də məktəbə getməlidir. Əfsuslar olsun ki, buna da əməl olunmur. Sinifdə bir şagirdin xəstə olması 30-40 uşağın eyni anda xəstələnməsi deməkdir. Məktəblər, bağçalar, ictimai müəssisələr əsas virusu yayan mənbələrdir. Hansı ki, bunun müəyyən qədər qarşısını almaq olardı. Təəssüf ki, ictimai nəqliyyatda maskadan istifadə etmirik. Avropada insanlar tramvayda, metro və avtobuslarda maska taxırlar. Otağın havası tez-tez dəyişdirilməli, əllərin gigiyenasına əməl olunmalıdır. Bu, müəyyən qədər virusun qarşısını ala bilər. İnsanlar COVID-lə bağlı keçmiş hadisələri, acı həqiqətləri tez unutdu, yenə də əvvəlki dövrə qayıtmışıq. Tam laqeyd, qayğısız…”.