Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan Qurban Sadıqov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Mahmudov saxlanılaraq Kəpəz Rayon Polis İdarəsinə gətirilib.
Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman narkotik maddə olan heroin aşkar olunub.
Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.