Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qadına qarşı zorakılıq, ümumən məişət zorakılığı əleyhinə maarifləndirmə məqsədilə “Şiddətin rəngi” adlı rəsm müsabiqəsi elan edir.
Nazirlikdən verilən məlumata görə, müsabiqənin məqsədi məişət zorakılığı anlayışı, məişət zorakılığı halları və onun doğurduğu mənfi nəticələr barədə yeniyetmə və gənclər arasında məlumatlılığın artırılması, yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi, həmin problemin miqyası, təzahürü və cəmiyyətin müxtəlif sahələrinə mənfi təsiri barədə maarifləndirmə işinin aparılmasıdır.
Rəsm əsərlərinin məzmunu məişət zorakılığının mənfi nəticələrini və zorakılığa məruz qalmış qadının iztirablarını ifadə etməlidir.
Müsabiqədə iştirak etmək üçün www.sosial.gov.az saytında “İctimaiyyətlə əlaqələr” bölməsində “Elanlar” yarımbölməsinə və ya https://forms.gle/mwXWsPpdiEVL68CP6 linkinə daxil olaraq anket formasını doldurmaq tələb olunur.
Qeydiyyat noyabrın 20-dək aparılacaq.
Çəkilən rəsmlər və şəxsiyyət vəsiqəsinin sürəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Sosial təminat siyasəti şöbəsinə təqdim edilməlidir (ünvan: Salatın Əsgərova, 85, əlaqə telefonu 541 97 27).
Seçim 15 – 29 yaş kateqoriyası üzrə keçirilir. Sərgidə nümayiş üçün seçilən əsərlərin müəlliflərinə Fəxri fərman və pul mükafatları təqdim ediləcək:
1-ci yer üzrə 1 nəfərə 500 manat;
2-ci yer üzrə 2 nəfərin hər birinə 300 manat;
3-cü yer üzrə 3 nəfərin hər birinə 200 manat.
Həmçinin həvəsləndirici yerlər üzrə 5 nəfərin hər birinə 100 manat mükafat verilməsi nəzərdə tutulur.
Müsabiqənin qalibləri haqqında məlumat 25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş sərgidə ictimaiyyətə açıqlanacaq.
Məlumat üçün deyək ki, BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il 54/134 saylı qətnaməsinə əsasən 25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edilib. BMT Baş Assambleyası ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üçün hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatlara bu mövzuda müxtəlif tədbirlərin keçirilməsini təklif edir.