Qadın MMA döyüşçüsü cüdo üzrə Azərbaycan çempionu oldu

0
539

Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında keçirilən Azərbaycan çempionatının fərdi yarışları başa çatıb.

Bəzi görüşlərdə sürpriz nəticələr qeydə alınıb.

100 kq-da millimizin osetinli legioneri Zelim Kotsoyevin finalda Aslan Mirzəyevə, Gürcüstandan olan cüdoçumuz Uşanqi Kokaurinin 100 kq-dan artıq çəkidə Şahin Qəhrəmanova uduzması gözlənilməz olub.

Həmçinin bu yarışda vaxtı ilə özünü güləşdə, eləcə də Minskdəki II Avropa Oyunlarında samboda sınamış, hazırda daha çox peşəkar şəkildə beynəlxalq MMA yarışlarına çıxan Gözəl Zutova da iştirak edib. O, qadınların ən ağır çəki dərəcəsində Azərbaycan çempionu olub.

Bütün çəki dərəcələrində qalib gələn cüdoçuları sizə təqdim edirik:

Kişilər: Yaşar Nəcəfov (-60 kq), Orxan Səfərov (-66 kq), Telman Vəliyev (-73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Aslan Mirzəyev (-100 kq), Şahin Qəhrəmanov (+100 kq)

Qadınlar: Ramilə Əliyeva (-48 kq), Zeynəb Məmmədova (-52 kq), İçinxorlu Munxtsedev (-57 kq), Aytac Qardaşxanlı (-63 kq), Günel Həsənli (-70 kq), Nərmin Əmirli (-78 kq), Gözəl Zutova (+78 kq)

Ölkə çempionatının qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin medal və diplomları, pul mükafatları təqdim olunub. Medalların əyarına görə “Neftçi” İdman Klubu birinci yeri tutub. Sonrakı yerlərə “Cudo 2012” və “Atilla” klubları layiq görülüb. Komandaların nümayəndələrinə kuboklar və diplomlar təqdim olunub.

Qeyd edək ki, bu gün ilk dəfə komanda yarışları üzrə Azərbaycan çempionatı keçiriləcək.