Qətərlə viza rejiminin ləğvinin ÜSTÜNLÜKLƏRİ

0
324

Dövlət Turizm Agentliyinin Qətərlə bağlı həyata keçirəcəyi əməkdaşlıq planları müəyyən edilib. 

Bu barədə  açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə məlumat verib. 

Azərbaycanla Qətər arasında imzalanan “Ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”in tətbiqinin turizmə təsirindən danışan Agentlik rəsmisi bildirib ki, viza rejiminin ləğvi turistlər üçün daha əlverişli və rahat səyahət şəraiti yaradacaq:

“Bu, səyahətçi üçün sənədləşdirmə mərhələsini yüngülləşdirir, eyni zamanda turizm baxımından ölkənin qapılarını daha geniş açır. Sadalanan cəhətlərinə görə bu saziş turizmin inkişafına müsbət təsir göstərəcək”.

Kənan Quluzadə Turizm Agentliyinin Qətərlə bağlı növbəti mərhələdə atacağı addım barədə də məlumat verib:

“Qətər Yaxın Şərq ölkələrindən biri kimi Azərbaycan turizmi üçün prioritet bazarlardan biridir. Pandemiyadan irəli gələn tələblərdən dolayı ikitərəfli turizm potensialı tam olaraq özünü göstərməyib. Lakin bizim Qətərlə bağlı intensiv planlarımız mövcuddur. Biz pandemiyanın səngiməsindən sonra Qətərdən olan turistləri Azərbaycana aktiv olaraq cəlb edəcəyik”.

Dövlət Turizm Agentliyinin Qətərlə bağlı həyata keçirəcəyi əməkdaşlıq planlarına Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Qətər ilə məşğul olacaq nümayəndəliyin açılması, 2022-ci ildən başlayaraq tur operatorları üçün və media ilə tanışlıq səfərlərinin təşkili aiddir.

Həmçinin, Qətərdəki Sosial Media Platformasında Azərbaycanın təyinatını aktiv şəkildə tanıtmaq, oradakı aparıcı onlayn turizm agentlikləri ilə marketinq kampaniyaları da bu planlar daxilində həyata keçiriləcək.

Eləcə də, 2022-ci ildən başlayaraq qətərlilər üçün bir səyahət yeri olaraq Azərbaycan haqqında məlumatlılığı artırmaq üçün sənaye ticarət təlimləri və satış zənglərinin təşkili də nəzərdə tutulub. 

Qeyd edilib ki, Azərbaycan Turizm Bürosunun milli stendi ilə 2021-ci ilin noyabr ayında “Qatar Travel Mart” (QTM) sərgisində iştirak etməsi gözlənilir.