Qərbin öldürücü silahları İrəvana verildi – Cənubi Qafqazda yeni müharibə planları

0
73

Qərb ölkələrinin Ermənistanı silahlandırması sürətlənib. Yayılan məlumatlar və baş verənlər göstərir ki, Cənubi Qafqazda maraqlar uğrunda mübarizə aparan tərəflər Azərbaycanla sülh danışıqları aparan Ermənistanı silahlandırmaqla bölgədə revanşizmin körüklənməsinə və sülh perspektivinin “dəfn edilməsinə” çalışır.

Ermənistanın silahlandırılmasında diqqətçəkən iki əsas məqam var:

Birincisi, Fransa ilə yanaşı, ABŞ və Almaniya istehsalı olan silahlar da İrəvana çatdırılır.

İkincisi, Fransa-İran, Fransa-Hindistan, Hindistan-İran marşrutu üzrə silah daşınır.

“Caliber”in əldə etdiyi məlumatlar Ermənistanın silahlandırılmasında yeni faktları ortaya çıxarıb.

Məlumatlara görə, bir bir neçə həftə ərzində Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistana çatdırılıb. Hərçənd, iyun ayında Fransa və Ermənistan arasında SEZAR-ların verilməsi ilə bağlı müqavilə imzalansa da, bu hərbi texnikanın İrəvana ən azı 1,5 il ərzində çatdırılacağı gözlənilirdi. Bu qədər qısa müddətdə 12 ədəd SEZAR özüyeriyən artilleriya sisteminin Ermənistana verilməsi diqqət çəkir. Məlumatlara görə, Fransa yeni SEZAR-ların istehsalını gözləmədən öz ordusunun arsenalında olan artilleriya qurğularını ermənilərə hədiyyə edib. Bu tələsik addım Ermənistanın müharibəyə hazırlığından xəbər verir.

Bununla yanaşı, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri verilib. Ermənistan ordusu Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və ABŞ-ın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə də təmin edilib.

R511 və R530 hava-hava tipli raketləri Ermənistan Hərbi Hava Qüvvələrinin balansında olan müasir Su-30 SM qırıcılarına quraşdırılmaq üçün nəzərdə tutulur. Ermənistan Su-30 SM qırıcılarını Rusiyadan alsa da, onların raket sistemləri yox idi. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan buna görə Rusiyanı tənqid də etmişdi. Məlumatlara görə, Fransanın R511 və R530 hava-hava tipli raketləri Su-30 SM qırıcılarına quraşdırılacaq. Modifikasiya işi hindistanlı hərbi mütəxəssislərə həvalə olunub.

Ermənistana çatdırılan silahlar arasında Almaniya və ABŞ istehsalı olan silahların olması da diqqət çəkir. Almaniyanın “Panzerfaust” və “Bunkerfaust” raketləri, eləcə də ABŞ-ın “TOW” raketləri Ermənistan silahlı qüvvələrinin arsenalına daxil edilib. Bütün bunlara paralel şəkildə Hindistandan da Ermənistana silahların çatdırılması davam edir.

Silahların çatdırılması prosesində əsas tranzit İrandır. 12 ədəd SEZAR artilleriya qurğusu da daxil olmaqla silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir, daha sonra İranın “Merac” aviaşirkəti silahları birbaşa son təyinat yerinə – Ermənistana çatdırır. İran Fransa ilə yanaşı, Hindistandan Ermənistana daşınan silahların da tranzitini həyata keçirir. Məlumatlara görə, İranın “Bəndər-Abbas” dəniz limanı Hindistandan Ermənistana göndərilən hərbi yükləri də qəbul edir. Əsas diqqət çəkən məqam odur ki, Ermənistana daşınan silahların bir hissəsi rəsmi şəkildə bəyan edilmir, bir hissəsi isə mülki mallar adı altında qeydə alınır. Bu, beynəlxalq ticarət hüququnun və logistika fəaliyyətini tənzimləyən beynəlxalq qaydaların kobud şəkildə pozulması deməkdir. Və burada əsas məqam Ermənistanın silahlandırılmasının Azərbaycanın diqqətindən yayındırmaq, məxfi şəkildə həyata keçirməkdir. ABŞ və Almaniya da öz silahlarını məhz Fransa vasitəsilə Ermənistana göndərməklə rəsmi Bakının diqqətindən yayındırmağa çalışır.

Ermənistanın silahlandırılmasına İranın əsas marşrut xətti olaraq seçilməsi Qərb ölkələri və Hindistanın özü üçün yeni problemlər də yaradıb. Məlumatlara görə, İran Fransa və Hindistandan gələn silahları “gömrük yoxlamaları” adı altında saxlayır, bu silahları hissələrə ayıraraq, ətraflı şəkildə öyrənir. SEZAR artilleriya qurğularının məlumatları artıq iranlı hərbi mütəxəssislər tərəfindən əldə edilib. Məlumatlara görə, Fransa İrana hərbi texnikaların sirlərinin əldə edilməsi ilə bağlı xəbərdarlıq edib, lakin Tehran bunu tranzitin “haqqı” olaraq qəbul edilməsini tələb edir. Fransa tərəfi Ermənistanın silahlandırılması naminə hərbi sirlərin İran tərəfindən öyrənilməsinə susur. Təbii ki, bu, təkcə Fransanın yox, ABŞ və Almaniya silahlarının da İran tərəfindən əldə edilməsi, öyrənilməsi deməkdir. Və bəllidir ki, İran Qərbin hərbi sirlərini Yaxın Şərqdə proksi qüvvələrinin də xidmətinə təqdim edəcək. Görünür, Qərb ölkələri Ermənistanın müharibəyə hazırlanması məqsədilə İranın “hərbi casusluğunu” qəbul etməyə məcbur olub.

Bütün bunlar iki faktı ön plana çıxarır.

Birincisi, İranın Azərbaycana qarşı planlarda aktiv şəkildə yer almasıdır.

İyun ayında İran və Ermənistanın 500 milyon dollarlıq silah müqaviləsi bağladığına dair məlumatlar yayıldı. İran tərəfinin təkzibi Bakıda normal qarşılandı, çünki Azərbaycan normallaşma prosesinə sadiqlik nümayiş etdirir və Tehranın da səmimiliyinə inanır. Hərçənd, ortaya çıxan faktlar 500 milyon dollarlıq silah müqaviləsinin real olduğunu göstərir. Qarabağın işğalda olduğu 30 ilə yaxın dövrdə İranın işğalçı Ermənistana dəstək verdiyi məlumdur. 44 günlük müharibə və sonrasında bu dəstək açıq müstəviyə keçdi. İran hətta Ermənistana görə Azərbaycanı təhdid də edirdi. Azərbaycan ictimaiyyətinə İslam ölkəsi olan İranın maraqları naminə dini də, şiəliyi də kənara qoyduğu, lazım olanda şiəlikdən sui-istifadə etdiyi məlumdur. Lakin son normallaşma prosesində İrana müəyyən inam yaranmışdı. Bu faktlar isə Azərbaycan ictimaiyyətində “İranın ağına da, qarasına da lənət” fikrini gücləndirir.

İkincisi, Qərbin Cənubi Qafqazda yeni eskalasiya hazırladığı təsdiq olunur.

Qərbin – ABŞ, Almaniya və Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi bölgədə sülh danışıqlarını bloklayır. Çünki bu silahlar Ermənistanın revanşist yanaşmasını gücləndirəcək və Azərbaycana qarşı hücumlara sövq edəcək. Son həftələrdə Ermənistana verilən silahlar fonunda sərhəddə təxribat hücumlarının intensivləşməsi də təsadüfi deyil. Proseslər bölgədə yeni eskalasiya mərhələsinin yetişdiyini göstərir. Təbii ki, baş verənlərə görə məsuliyyət Ermənistanın və onu silahlandıran ölkələrin üzərinə düşür.