Qərbi Böyük Səhra münaqişəsi və Azərbaycan: İndi daha çevik diplomatiya tələb olunur

0
355

Xəbər verildiyi kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərakeşə səfəri zamanı mühüm görüşlər keçirib, ikitərəfli əlaqələr haqda müəyyən razılıqlar əldə edilib. Burda diqqət çəkən məsələ nazirin Qərbi Böyük Səhranı Mərakeşin ərazi bütövlüyü çərçivəsində tanıdığını bəyan etməsidir.

Bu bəyanat niyə diqqət çəkir və Qərbi Böyük Səhra problemi nədir?

Qərbi Səhra Afrika qitəsinin şimal-qərb sahilində BMT və Dünya Bankının statistikasına görə, 567,000 əhalisi olan seyrək məskunlaşmış 252.000 kv.km ərazidir. Ərazinin səksən faizinə nəzarət edən Mərakeş Qərbi Səhranı öz suverenliyi çərçivəsində görür və bölgənin Mərakeş daxilində muxtariyyət almasına etiraz etmir, qonşu Əlcəzairin dəstəklədiyi POLİSARİO Cəbhəsi isə bu bölgənin müstəqil olması üçün mübarizə aparır.

Münaqişə əslində 1975-ci ildə İspaniyanın Qərbi Səhradan çıxmasından əvvəl həm Mərakeş, həm də Mavritaniya ilə Madrid Sazişini imzalaması ilə başlayıb. Sazişə əsasən iki qonşu ölkə Qərbi Səhranı bölürdü, lakin Polisario Cəbhəsini quran silahlı səhravilər bu razılaşmanı rədd etdilər. Mərakeş və Mavritaniya Beynəlxalq Məhkəməyə müraciət etdi.1975-ci il oktyabrın 16-da Mərakeş Səhraya doğru “Yaşıl yürüş” təşkil etdiyini bildirdi. 1976-cı ilin yanvarında Əlcəzairin dəstəyi ilə “Səhra Ərəb Demokratik Respublikası”nın yaradılması elan edildi.

Mərakeş 1980-ci illərin əvvəllərində fosfatlarla zəngin səhra ərazilərini və Smara, Laayoune və Boujdour şəhərlərini Polisario yaraqlılarının hücumlarından qorumaq məqsədilə qum divarı çəkməyə başladı. Mərakeşin mövqeyi Liviyanın 1984-cü ildən POLİSARİO-dan dəstəyini geri çəkməsi və Əlcəzairin daxili böhranla məşğul olması ilə möhkəmləndi. Qərbi Səhra böhranı dünyanın ən uzun sürən siyasi və humanitar münaqişələrindən biri hesab olunur. Müharibə zamanı bir çox səhravilər onilliklər ərzində düşərgələrdə yaşadıqları Əlcəzairə sığındılar.

Onların sayı ilə bağlı təxminlər müxtəlifdir, BMT QAK-ın veb-saytı Əlcəzairdəki beş düşərgədə 165.000 sahravi qaçqın olduğunu bildirir. BMT 1991-ci ildə Mərakeş və POLİSARİO Cəbhəsi arasında atəşkəs əldə edə bildi, lakin hələ də münaqişənin yekun həllinə nail olunmayıb. Mərakeş administrasiyası altında olan hissəni Cəbhənin nəzarətində olan hissədən ayıran bufer zona yaradılıb. Ərazini BMT sülhməramlıları qoruyur.

Qərbi Səhra zəngin balıqçılıq sahələrinə və fosfat ehtiyatlarına, dəniz sahillərində isə istifadə olunmamış neft yataqlarına malikdir. İşin mürəkkəb tərəfi ondadır ki,1976-cı ildə POLİSARİO Cəbhəsi tərəfindən yaradılması elan edilən Səhra Ərəb Demokratik Respublikası bir neçə hökumət tərəfindən tanınır və Afrika Birliyinin üzvüdür.

POLİSARIO adı ispan dilində of Frente Popular de Liberación de Saguía el Hamra y Río de Oron (Əl Hamra və Qızıl Vadinin Azadlığı üçün Xalq Cəbhəsi) abbreviaturasıdır.

İşin ən qəliz tərəfi odur ki, bu məsələdə Mərakeşin qarşısında olan Əlcəzairin də Azərbaycanla olduqca isti münasibətləri var. Burda neft-qaz yataqlarının kəşfinə vaxtilə azərbaycanlı mütəxəssislər böyük töhfə verib, azərbaycanlı müəllimlər, mədəniyyət xadimləri Əlcəzairdə çalışmış, Azərbaycan ali məktəblərində Əlcəzair üçün mütəxəssislər hazırlanıb.

Hazırda Azərbaycan Avropa ilə bağlı enerji siyasəti bu ölkə ilə uzlaşdırmağa çalışır, eyni zamanda Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Əlcəzairlə eyni mövqedən çıxış edir. Azərbaycan Prezidenti Əlcəzairə rəsmi səfəri zamanı da Fransanın törətdiyi soyqırımı qurbanlarının abidə muzeyini ziyarət etmişdi. Rəsmi Bakının Əlcəzairlə birgə yürütdüyü bu aktiv diplomatiya Fransada yaşayan siyasi mühacirlərin YouTube kanallarında da xüsusi müzakirə edilmişdi. Belə ki, bu il iyulun əvvəllərində həmin kanallardan birində getmiş reportajda deyilirdi: “Ən dəhşətlisi odur ki, ..İlham Əliyev Fransa ilə Əlcəzair davası edir”. Azərbaycan Prezidentinin fransız müstəmləkəçiliyi haqda çıxışları isə daha çox Əlcəzair ictimai rəyində müsbət qarşılanır, Əlcəzair mediası pozitiv şərhlərlə çıxış edir. Amma Əlcəzairdən fərqli olaraq Mərakeşin Avropa İttifaqı və Fransa ilə sıx münasibətləri var

Əlcəzairin Fələstin və Qərbi Böyük Səhra məsələsinə həssaslığı var. Bir müddət əvvəl İranın Bakıdakı səfirliyi Əlcəzair, Fələstin, Venesuela səfirləri ilə görüşdə vahid anti-İsrail cəbhəsi yaradılması üçün müzakirələr aparmışdı.

Qərbi Böyük Səhra məsələsinə həssaslığına aid nümunə: Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun Bakıda bu il iyununda keçirilən nazirlər görüşünün ən yaddaqalan nəticələrindən biri də ərəb ölkələri arasında bəzi ixtilafların həllinə çalışılması, bəzən də çıxışlarda qarşılıqlı ittihamlara yer verilməsi idi. Sudan, Fələstin, İraq, Suriya, Somali və Qərbi Böyük Səhra ilə bağlı mövcud problemlər ərəb nazirlərin ikitərəfli görüşlərinin əsas mövzuları idi. Əlcəzair xarici işlər naziri Əhməd Atafın çıxışında Qərbi Böyük Səhra ilə bağlı Qoşulmama Hərəkatının və BMT-nin əvvəlki qərarlarını xatırlatması, Fələstin və Qərbi Böyük Səhra problemlərinə vahid yanaşma təqdim etməsi Mərakeş təmsilçisi tərəfindən etirazla qarşılanmışdı.

Bundan əvvəl Fələstin məsələsinin Qoşulmama Hərəkatında müzakirəsi üçün Ərəb Dövlətləri Liqası Azərbaycana müraciət etmiş, Liqanın ötən il noyabrında Əlcəzairdə keçirilmiş zirvə toplantısına Azərbaycan Prezidenti də dəvət edilmiş, Liqa və Hərəkat arasında əməkdaşlıq da müzakirə edilmişdi.

Maraqlıdır ki, bu yaxınlarda İsrail parlamenti də Qərbi Səhra üzərində Mərakeşin suverenliyini tanıyan qərar qəbul edib.

Mərakeş öz ordusunu modernləşdirmək üçün İsrail və Türkiyə silahları alıb. “Forbes” məlumat verir ki, bu silahlar İkinci Qarabağ müharibəsinə qədərki son illərdə Azərbaycanın əldə etdiyi cəbbəxanaya çox oxşardır. Məğrib ölkəsi ümid edir ki, yeni hərbi texnika Qərbi Böyük Səhraya görə münaqişədə olduğu və Əlcəzairin dəstəklədiyi “Polisario” Cəbhəsi üzərində oxşar qələbə qazanmağa imkan verəcək.

“Forbes” xatırladırdı ki, Dağlıq Qarabağla bağlı son toqquşmalar sentyabrın 19-20-də baş verib. Bu toqquşmalar Azərbaycanın İsrail və Türkiyənin ona verdiyi yüksək texnologiyalı silahlardan necə istifadə etdiyini bir daha göstərdi. “Forbes”-in rəyinə görə, Mərakeş və Əlcəzair arasında toqquşmalar olarsa, Rabat müdafiə və hücumda eyni qabaqcıl sistemlərdən istifadə edərək Azərbaycanın hibrid silah yanaşmasını təqlid edə bilər. Belə bir ssenariyə “Harop”ların Əlcəzairin hava hücumundan müdafiə sistemlərinə TB2 və “Akıncı”yla hücumu, Əlcəzairin sərhədə yaxın quru qüvvələrinə zərbələr endirməsi və BARAK-MX sistemləri ilə Əlcəzair raketlərinin vurulması daxil ola bilər.

Beləliklə, Məğribin bir-birinə qarşı düşmən münasibətdə olan hər iki ərəb ölkəsi ilə Azərbaycanın xüsusi isti əlaqələri yaranır. Fərqli düşərgədə olan tərəflərlə xüsusi münasibətlər müəyyən risklərlə yanaşı geniş fürsətlər də deməkdir. Bu həm də Azərbaycan diplomatiyası üçün yeni sınaqlar deməkdir. İndi daha çevik, ərəb Afrikasının mürəkkəb münasibətlər sisteminə daha çox vaqif olan diplomatiya tələb olunur.