Ötən gün İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin təşviqatına start verilib. Namizədlərdən Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, Elşad Musayev, Fuad Əliyev, həmçinin Prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Tahir Budaqov, Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli dəyirmi masa formatında çıxış edərək öz fikirlərini səsləndiriblər.
Prezidentliyə namizədlərin ilk debatında E.Mirzəbəyli bildirib ki, gələcəkdə milli zəmində qarşıdurmaların baş verməməsi üçün ermənilərin Ermənistanda, azərbaycanlıların Azərbaycanda yaşaması istiqamətində rəsmi İrəvan və beynəlxalq tərəfdaşlarla danışıqlar aparılmalıdır. Ermənistanın ötən əsrdə dövlət səviyyəsində azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirdiyini, Qərbi Azərbaycan ərazisindən soydaşlarımızı zorakı yolla deportasiya etdiyini diqqətə çatdıran səlahiyyətli nümayəndə indiki şəraitdə ermənilərə etimad göstərməyin qeyri-mümkün olduğunu vurğulayıb. O, bu istiqamətdə bir sıra addımlar atılmasının zəruriliyini dilə gətirib. Bildirib ki, Xankəndidən olan 16 min məcburi köçkünlə yanaşı, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız da öz tarixi torpaqlarına qayıdana qədər Xankəndi şəhərində, eləcə də ermənilərin köçüb getdiyi bir sıra yaşayış məntəqələrində köçürülsünlər.
İrəli sürülən bu təkliflə bağlı fikirlərini Medianews.az-a bölüşən millət vəkili Sahib Alıyev bildirib ki, vaxtilə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız yanlışlıqla Qarabağda və ətraf rayonlarda məskunlaşdırılmayıb.
Deputatın sözlərinə görə, buna səbəb həmin dövrdə milli hisslərdən uzaq şəxslərin Azərbaycana rəhbərlik etməsi olub: “Mənim nəzərimdə mühit itkisi torpaq itkisindən heç də az ağrılı itki deyil. Qərbi Azərbaycanda etnik təmizləməyə uğrayanlar sadəcə torpaq itkisi ilə deyil, həm də mühit itkisi ilə üzləşiblər. Əgər söhbət sadəcə Göyçə mahalından gedərsə, bu, elə bir mühit itkisidir ki, orada Aşıq Ələsgər kimi dühalar yetişib. Eyni zamanda İrəvan ziyalı mühiti, Zəngəzur, Ağbaba, Dərələyəz mühitləri var. Bunlar hər bir xalqın potensialının formalaşmasında çox mühüm rol oynayan dəyər mənbələridir. Ona görə də zamanında o insanlar etnik təmizləmə ilə üzləşərkən Azərbaycana rəhbərlik edən, lakin milli hisslərdən uzaq olan şəxslər həmin insanları o mühit prinsipi ilə Qarabağda məskunlaşdırmalı idilər. Lakin çox təəssüflər olsun ki, bu, baş vermədi”.
Millət vəkili S.Alıyev vurğulayıb ki, Qərbi Azərbaycandan deportasiya olunanlar öz torpaqlarına, öz yurdlarına qayıtmalıdırlar: “Bir qədər əvvəl qeyd etdiyim o mühitin itməməsi üçün Qarabağda məskunlaşma zamanında baş verməliydi. Bu nöqteyi-nəzərdən mən Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın kompakt şəkildə yerləşdirilməsinə müsbət yanaşıram. Amma məsələ burasındadır ki, Qərbi Azərbaycandan deportasiya olunanlar öz torpaqlarına, öz yurdlarına qayıtmalıdırlar. Bəhs etdiyim o mühiti yenidən tarixi torpaqlarımızda dirçəltməlidirlər. O torpaqlara bağlı olanların ilk növbədə istəkləri bundan ibarətdir. Müzəffər Ali Baş Komandanımızın da vurğuladığı kimi, biz o torpaqlara mütləq qayıdacağıq. Haylarla və ermənilərlə, yəni haylaşmış türklərlə azərbaycanlılar birgə yaşaya bilərlər. Hazırda bir çox ölkələrdə, elə qonşu Gürcüstanda da bir yerdə yaşayırlar. Ümid edirəm ki, o toplum yoluxdurulduqları ultra millətçilik xəstəliyindən xilas olacaq və bu birgəyaşayışın qaçılmazlığını anlayacaqlar”.