Qərbi Azərbaycan Xronikası: İrəvan azərbaycanlılara qarşı “gizli silahı” işə saldı – VİDEO

0
529

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Göyçə gölü bu gün məhv olmaq təhlükəsi ilə üzləşib” adlı analitik veriliş efirə gedib.

Verilişdə Qərbi Azərbaycanda həyata keçirilən ekoloji terrora, qızıl yataqlarının qanunsuz istismarına, Göyçə gölünün məhv olmaq təhlükəsi ilə üzləşməsinə toxunulur, həmçinin Ermənistan Milli Elmlər Akademiyasının Ekologiya Mərkəzinin direktoru olmuş Armen Saqatelyanın 2019-cu ildə bununla bağlı etdiyi etirafdan bəhs olunur.

A.Saqatelyanın sözlərinə görə, düşmənə hərbi güclə qalib gələ bilməyəndə, müharibənin başqa elementləri işə salınır, onlardan biri də ekosiddir:

“Bununla düşmənin həyat təminatı məhv edilir. Sevan (Göyçə) gölü əlimizdəki bu elementlərdən biridir”.

Süjetdə bildirilir ki, Ermənistan Azərbaycana qarşı müharibədə ekoloji terror silahından istifadə edib:

“Həm birinci, həm də ikinci Qarabağ savaşında meşələrin yandırılması ekoloji terror silahının tətbiqi idi. Eyni zamanda, 30 illik işğal dövründə həyata keçirilən talanlar bölgənin ekoloji mühitinə nəticəsi onilliklər boyunca davam edəcək ziyan vurub. Qərbi Azərbaycanda həyata keçirilən ekoloji terrorun arxasında dayanan məqsəd də işğal faktoru – azərbaycanlıların geri qayıtması perspektivinin məhv edilməsidir. Elə buradan Armen Saqatelyanın Göyçə gölünü niyə müharibə elementi adlandırmasının səbəbi aydın olur”.

Diqqətə çatdırılır ki, Göyçə gölü bu gün məhv olmaq təhlükəsi ilə üzləşib və bunu erməni ekoloqlar Knarik Hovhannisyan, Karine Danielyan da təsdiqləyirlər:

“Gölə axan çayların suyunun təmizlənməməsi, ətrafda turizm mərkəzlərindən çirkli suyun axıdılması, eləcə də tullantı suların gölə axan kanallara atılması bölgədə yeganə şirin su hövzəsini itirmək təhlükəsini yaradır. Göyçə gölünün xilas edilməsi ilə bağlı hökumətə dəfələrlə xəbərdarlıqlar edilməsinə, təkliflər verilməsinə baxmayaraq, heç bir addım atılmayıb. Qərbi Azərbaycanın ekologiyasına vurulan ən böyük zərbədən birinin də qızıl yataqlarının qanunsuz istismarıdır”.

Verilişdə vurğulanır ki, son illər, xüsusilə 44 günlük müharibədən sonra ermənilər Qərbi Azərbaycanı sürətlə tərk edirlər:

“Rəsmi statistikaya görə, 2005-ci ildə Qərbi Zəbgəzurda 149 min 700 nəfər yaşayırdısa, ötən il bu rəqəm 106 min 916 nəfərədək azalıb. Bu amil ermənilərin tərk etdiyi tarixi torpaqlarımıza azərbaycanlıların qayıdışının uzaq perspektivdə olmadığını deməyə əsas verir. Ermənistanın Qərbi Azərbaycanda dövlət səviyyəsində həyata keçirdiyi ekoloji terrorun hədəfi də məhz azərbaycanlıların geri qayıdışının qarşısını almaq, qayıdış prosesi baş verəcəyi təqdirdə, bölgədə həyat mənbələrini məhv etməkdir. Bütün bunlar təsdiq edir ki, Ermənistan işğal dövründə Qarabağda tətbiq etdiyi ekoloji terror silahını bu gün Qərbi Azərbaycanda da tətbiq edir. Bu silah təkcə Azərbaycan üçün yox, regionun digər ölkələri üçün də təhlükəlidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində: