Qərb mediasının “söz azadlığı”, yaxud Azərbaycana qarşı hibrid müharibə

0
193

Son vaxtlar Qərb mediasında Azərbaycana qarşı təbliğat kampaniyasının aparılması heç kəs üçün sirr deyil.

Baş verənləri diqqətlə izlədikdə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasında hibrid müharibənin əlamətlərini də görmək mümkündür. Vaxtaşırı olaraq Britaniya, Almaniya, Fransa və bir sıra digər ölkələrin media orqanları bir-birini əvəz edərək sözügedən kampaniyaya qoşulurlar.

Xatırladaq ki, eyni proses 44 günlük Vətən Müharibəsi zamanı da hiss olunurdu. O zaman Prezident İlham Əliyev ayrı-ayrı ölkələrin media orqanları qarşısına çıxaraq, səslənən qərəzli və əsassız ittihamları şəxsən cavablandırıb.

2022-ci ilin sentyabrındakı erməni təxribatından sonra Qərb mətbuatında Azərbaycana qarşı növbəti “xaç yürüşü” başlayıb. Azərbaycan Prezidentinin fransalı həmkarı Makrona sərt və tutarlı cavabından sonra isə proses daha geniş miqyas alıb.

Maraqlıdır ki, müxtəlif ölkələrin Azərbaycana qarşı qərəzli yazı və reportajlarında arqumentsizlik və eyni tezislərdən istifadə ümumi cəhət kimi sezilir. Sanki həmin materiallar eyni mənbədən sifariş olunur və eyni “mətbəxdə” hazırlanır.

Həmin materiallarda, bir qayda olaraq, heç bir ciddi arqument gətirilmir, Azərbaycana qarşı “işğal” kimi əsassız və sübutsuz ittihamlar irəli sürülür. Həmçinin, ölkəmiz öz enerji resurslarından demokratiyaya qarşı istifadə etməkdə günahlandırılır və “qaza görə demokratiyanı satmarıq” kimi ümumi şablon şüarlar səsləndirilir.

Eyni yanaşma sosial şəbəkələrdə aparılan kampaniyalarda da hiss olunur. Elə təəssürat yaranır ki, statuslar və şərhlər sanki ümumi “troll qrupları” tərəfindən yazılır.

Lakin bu kampaniyanı aparanlar nəzərə almırlar ki, onlar ilk növbədə, Qərbin özünün maraqlarına qarşı çıxış edirlər. Belə ki, bugünkü geosiyasi reallıqlar və enerji böhranı fonunda Azərbaycan böyük siyasi riskə girərək Avropanın enerji təminatında mühüm yer alır. Belə bir məqamda Azərbaycana qarşı kampaniyanın genişlənməsi bunun arxasında Avropadakı ermənipərəst dairələrlə yanaşı, həm də şimalla bağlı agenturanın da dayanması ehtimalını artırır.

Bununla yanaşı, eyni tezislərin müxtəlif Qərb ölkələrinin media orqanları tərəfindən tirajlanması, həm də Qərbdə mətbuat azadlığı haqda mövcud təsəvvürlərin heç də həqiqəti əks etdirmədiyi fikrini formalaşdırır.

Nəzərə alsaq ki, bu gün Ukrayna mövzusunda bütün Qərb mediası eyni mövqedən çıxış edir, bu fakt lazım olduqda həmin ölkələrin aparıcı mətbuat orqanlarının istiqamətləndirilməsinin mümkünlüyü barədə düşünməyə əsas yaradır.

Digər tərəfdən, görünən mənzərə odur ki, hazırda ölkəmizi hədəfə alan çirkin kampaniya da məhz bu cür mərkəzləşmiş qaydada aparılır.